“Ukraynada baş verən proseslərlə bağlı müxtəlif fikirlər səslənir. Xüsusilə xarici işlər naziri Dmitro Kulebanın istefasından sonrakı dövrlərdə sözügedən fikirlər daha da genişləndirildi”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O. Ukrayna siyasi hakimiyyətindəki istefaların pərdəarxası məqamına və Ukrayna Prezident Aparatı rəhbəri Andiry Yermakın təşəbbüsləri ələ alması ilə bağlı yayılan informasiyalara şərh verib.
İ.Hüseynovun fikrincə, bu gün Volodimir Zelenskini avtoritarizm, hakimiyyəti öz əlində saxlamaqda ittiham etməklə yanaşı, həm də onu korrupsioner adlandırırlar:
“Ona görə də Ukraynanın Qərb institutlarına inteqrasiyası ilə bağlı əsas məsələ kimi korrupsiya faktları ortaya qoyulur. Lakin bu gün Ukrayna, istənilən halda, müharibə aparır və bu müharibənin nəticəsində müxtəlif spekulyativ anlar da mövcuddur.
Digər tərəfdən, Ukrayna müharibədə məğlub olur, baxmayaraq ki, Kursk istiqamətində irəliləsə də, bu ölkənin ərazisinin bir hissəsi işğal altındadır. Müharibənin əhəmiyyətli hissəsi həm də Ukrayna ərazisində cərəyan etməkdədir. Bu xüsusda həm də müharibədən çıxış yolu araşdırılmalıdır”.
“Məsələn, Zelenskinin baxışlarına görə, Kulebanın XİN-dən uzaqlaşdırılması onun effektiv formada Ukraynaya silah təchizatını həyata keçirməməsi ilə bağlıdır. O bu gün daha optimal və sürətli silahlanma yolunu seçir və bu istiqamətdə ona Kuleba kimi kadr lazım deyil.
Bundan əlavə, Andriy Yermakın əlində bütün hakimiyyətin cəmləşməsi fikirləri də mövcuddur. Bu da müxtəlif dövlətlərin iyerarxiyasının bir təzahürü ola bilər. Çünki ayrı-ayrı dövlətlərdə icra hakimiyyəti ya prezident, ya administrasiya rəhbəri, yaxud da baş nazirdə olur. Ola bilsin ki, hakimiyyəti Yermaka həvalə etməsində Zelenski daha çox işini xarici partnyorlarla genişləndirir və silahlanma, habelə təhlükəsizliyin təmin olunması məsələlərinə vaxt ayırır. Amma Qərb ictimaiyyətində bunu necə interpritasiya edirlər, bu, məsələnin ayrı bir tərəfidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Xatırladaq ki, nüfuzlu “Bloomberg” nəşri yazır ki, Ukraynada baş verən istefalar və dəyişdirilən namizədlər hakimiyyət uğrunda mübarizə ilə bağlıdır. Qeyd olunur ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak hazırda ölkəni de-fakto idarə edən şəxsdir və bütün yeni kadrlar onun adamları olacaq. Bildirilir ki, ölkə prezidenti Zelenski olsa da, ölkəni faktiki idarə edən Yermakdır və ölkədə avtoritar idarəetmə qurulması ilə bağlı narahatlıqlar var.
Rafi Müslümov
www.yenicag.az