“Sürünən müharibə fazasında da Rusiya sahədə üstün tərəfdir”.
Bu fikri Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa ölkələrinin rəhbər şəxsləri ilə görüşü, qələbə planını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev deyib.
Elxan Şıxəliyev bildirib ki, Zelenskinin qələbə planını Qərb dəstəkləmir.
“Zelenskinin istəklərini başa düşmək mümkündür. Zelenski demək istəyir ki, ən azı bizi 968 gün dəstəkləmisinizsə, milyardlarla vəsait sərf olunub, bunu axıra çatdırmaq lazımdır. Əslində, qələbə planını sahədə məğlub durumda olan ölkə təqdim etmir. Ən azı vəziyyəti sahədə elə dəyişməlidir ki, onun dəstəkləyən qüvvələr qələbə planını həyata keçirmək üçün addımlar atsınlar. Zelenskinin görüşləri zamanı planı dinlədirlər, ancaq qəbul etdilər, deyə bilmərik”, – deyə o qeyd edib.
Ekspert əlavə edib ki, Ukraynanı dəstəkləyən beyin mərkəzləri Ukrayna qərargahlarındakı hesabatlara baxırlar və onlar Ukraynanın müharibəni hara apara biləcəyini bilirlər.
“Onlar görürlər ki, Ukrayna istədiyi kimi nəticəyə gəlmək mümkün deyil. Nəticəyə gəlmək mümkün deyilsə də, müharibəni dayandırmaq istəyirlər. Çünki vəsait gedir. Rusiya Qərbin planlaşdırdığı kimi strateji məğlubiyyətə uğramır. Sahədə də taktiki səviyyədə hücumlarını həyata keçirir. Yaşayış məntəqələrini nəzarətə götürür. Artıq Kursk istiqamətində də əks hücuma başlayıblar”, – deyə o bildirib.
E.Şıxəliyev vurğulayıb ki, sürünən müharibə fazasında da Rusiya sahədə üstün tərəfdir:
“Bu halda, müharibənin dayandırılması olacaqsa, Rusiya ilə danışa biləcək güc ortaya çıxmalıdır. Bu da çox güman ki, ABŞ və Fransa rəhbərliyi olacaq. Top Rusiyanın sahəsinə keçdiyi üçün rəsmi Moskva da istəklərinin səviyyəsi artırır. Qələbə planını təqdim edən tərəf Ukrayna yox, Rusiya görsənir. Rusiya belə bir plan təqdim etməsə də, sahədə bunu göstərir. Rusiya Ukraynanın NATO-ya daxil olmayacağının sözünü almaq istəyir. NATO-nun baş katibi isə deyib ki, Ukraynanı NATO üzvlüyünə qərar veriblər. Bu da müharibənin dayandırılması planı deyil. Əslində, müharibənin başlamasına səbəb olan Ukraynanın bu istəyini göstərməsidir. Tərəflər müharibəni dayandırmaq istəyirlər, ancaq heç biri güzəştə getmək istəmir. Güzəştə getməyəndə də, sülh olmur”.
Səxavət Məmməd
www.yenicag.az