“Ukrayna üçün keçiriləcək növbəti sülh sammiti, yəqin ki, ABŞ-də baş tutacaq prezident seçkilərinin nəticəsindən asılı olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.
O, Ukrayna üçün keçiriləcək növbəti sülh sammitində Rusiyanın iştirak etməsi amilindən söz açıb.
“Əgər ABŞ-də Bayden hakimiyyətdə qalacaqsa, böyük ehtimalla, müharibə davam edəcək. Amma Tramp hakimiyyətə gələcəksə, o halda, sülh danışıqları ağırlıq təşkil edə bilər və samitdə, yəqin ki, Rusiyanın iştirakı da təmin ediləcək”, – əlavə edib.
Onun sözlərinə görə, NATO-nun sonuncu toplantısını izləyəndə görünür ki, orada birmənalı olaraq, Ukraynanı silahlandırmaq, gücləndirmək və Rusiyanı cəzalandırmaq ritorikası hakimdir:
“Ona görə də düşünürəm ki, böyük ehtimalla, hələ yaxın dönəmdə sülh danışıqları real deyil. Hətta Macarıstanın baş naziri Viktor Orbanın da təşəbbüsü oldu və bu təşəbbüs ciddi şəkildə pislənildi, hətta Macarıstanın Avropa İttifaqının sədrlikdən alınmasına kimi söhbətlər getdi. Anlaşılan odur ki, bir formada Qərb müharibəni dayandırmaq istəmir. Doğrudur, Ukraynaya kömək edilir, lakin bu kömək də Ukraynanın qalib gəlməsi üçün deyil, məğlub olmaması üçün yetərlidir. Yəni hazırda kontrollu münaqişə davam etdirilir və ehtimalla, bundan sonra da etdiriləcək”.
Rafi Müslümov
www.yenicag.az