“Ukraynanın Donbasda geri çəkilib, Kursk və Belqorodda təşəbbüsü ələ alması iki məqsədə xidmət edən bir məsələdir”.
Bu sözləri Yenicag.az-a açqılamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Politoloq Ukrayna ordusunun Donbasdakı məğlubiyyəti ilə yanaşı, Belqorod və Kurskdakı irəliləyişlərindən söz açıb.
“Birincisi odur ki, ABŞ-də və Avropa İttifaqı ölkələrində Donald Trampın hakimiyyətə gəlməsinə hazırlıq başlayıb. Bu da ondan ibarətdir ki, Tramp bəyanatında demişdi ki, əgər hakimiyyətə gələrsə, bir gün ərzində sülh sazişini imzalamağa nail olacaq və bu, Rusiyanın qürurunu incitməyən bir saziş olacaq. Yəni Ukraynanın Donbas regionu, Krım, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibində saxlanılması ilə bağlı Tramp sülh sazişi fikirlərini irəli sürmüşdü. Ona görə də Bayden administrasiyası və Qərbdəki bəzi dairələr, əgər hakimiyyətə gələrsə, Trampı fakt qarşısında qoymaq istəyirlər. Bu da ondan ibarətdir ki, Rusiya ərazilərini nəzarətə almaqla ərazi mübadiləsinə nail olsunlar və nəticədə Ukrayna ərazilərinin beynəlxalq hüquq normalarında göstərilən sərhədlərini bərpa etsinlər”, – deyə o qeyd edib.
E. Xalidbəyliyə görə, burada ikinci önəmli səbəb isə budur ki, sözügedən hadisələr ABŞ-dəki seçkilər ərəfəsinə təsadüf edir:
“Bayden administrasiyasının bu məsələdə əsas hədəfi ondan ibarətdir ki, ABŞ-nin əsas beynəlxalq rəqibi və düşməni olan Rusiyanı çətin vəziyyətə salsın, müharibəni Rusiyanın ərazisinə keçirsin, bu dövlətin ABŞ qarşısında nə qədər aciz bir dövlət olduğunu göstərsin və bununla da seçki kampaniyasında Kamala Harrisin qələbəsinə zəmin yaratsın. Çünki Rusiyanın Ukrayna müharibəsində imici zədələnərsə, Bayden administrasiyası situasiyanı Kamala Harrisin xeyrinə doğru dəyişdirməyə çalışır”.
Onun fikrincə, artıq müşahidə olunur ki, bu hadisələrin ABŞ-dəki seçki kampaniyasına kifayət qədər ciddi təsiri var, Kamala Harrisin reytinqi yüksəlməyə başlayıb və ictimai rəy sorğularında Trampı keçdiyi ilə bağlı məlumatlar mövcuddur:
“Burada Bayden administrasiyasının seçki maraqları da ön plandadır ki, seçki ərəfəsində Ukraynanı qalib dövlət kimi önə çıxarsınlar. Belə düşünmək lazımdır ki, Ukraynanın işğal altında olan ərazilərini azad etməsi ABŞ-dəki seçkilərə bir o qədər də təsir göstərə bilməyəcəkdi. Lakin Rusiya ərazisinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçməsi ABŞ cəmiyyətində kifayət qədər ciddi effekt verir. Bu da sonradan Kamala Harrisə seçki səsləri kimi geri qayıda bilər.
Qısacası, baş verən hadisələrdə demokratların məqsədi bundan ibarətdir ki, həm Trampı hakimiyyətə gələcəyi təqdirdə, fakt qarşısında qoysunlar, həm də Kamala Harrisin seçki kampaniyasında müsbət məzmunlu təbliğat-təşviqat predmeti qazansınlar”.
Rafi Müslümov
www.yenicag.az