Ukraynanın PUA hücumları nəticəsində Rusiyada aviakollaps YAŞANIR
Rusiyada ötən gecə pilotsuz uçuş aparatlarının hücumları nəticəsində onlarla aviareys ya təxirə salınıb, ya da başqa hava limanlarına yönləndirilib. Müvəqqəti uçuş məhdudiyyətləri Moskvadakı dörd hava limanı ilə yanaşı, Soçi, Kazan və digər şəhərlərdə də tətbiq olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) məlumat yayıb.
Məlumata görə, aviaşirkətlər uçuş cədvəllərini sabitləşdirmək üçün tədbirlər görür. “Aeroflot” aviaşirkətindən bildirilib ki, Şeremetyevo hava limanında tətbiq edilən məhdudiyyətlər səbəbilə bir sıra reyslər ehtiyat hava limanlarına yönəldilib.
“Bəzi reyslərin ləğvi və ya birləşdirilməsi mümkündür. Ləğv olunan reyslərin sərnişinlərinə biletin dəyərinin tam geri qaytarılması və ya digər reyslərə yönləndirilmə təklif olunacaq”, – deyə aviaşirkətin nümayəndələri açıqlama veriblər.
Hava məkanının bağlanması təkcə paytaxtla da məhdudlaşmayıb. Belə ki, Çelyabinsk, Nijniy Novqorod, Volqoqrad və Permdə də reyslər gecikib və ləğv olunub. Təxirə salınan və yönləndirilən təyyarələrin qəbul edildiyi bir çox hava limanlarında resurs çatışmazlığı yaranıb. Pəncərəsiz saatlarla təyyarədə gözləməyə məcbur qalan sərnişinlərin vəziyyəti daha da ağırlaşıb. Sankt-Peterburqdakı “Pulkovo” hava limanında isə səhərə yaxın uçuş növbəsini gözləyən təyyarələrdən ibarət sıxlıq yaranıb.
Şimal-Qərb Nəqliyyat Prokurorluğunun məlumatına görə, məhdudiyyətlər dövründə “Pulkovo” 74 “kənar” təyyarə qəbul edib. Bu təyyarələrin bir hissəsi artıq təyinat nöqtəsinə yola salınıb, digərləri isə hələ də uçuş icazəsi gözləyir.