Ukraynanın taleyi İrandan yox, bu adamdan asılıdır — "Zelenski hədəfi səhv seçib"
“Zelenski hakimiyyəti İranı ittiham etməklə yanaşı, Tramp administrasiyasına da etiraz etməyi düşünsə yaxşı olar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Politoloq Ukrayna prezidenti Volodimir Zelenskinin SEPAH-ı (İran İslam İnqilabı Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanıması barədə bəyanatını şərh edib. E.Xalidbəyli vurğulayıb ki, rəsmi Kiyev diqqəti daha çox Trampa yönəltməlidir:
“Zelenskinin İran əleyhinə açıqlamaları Ukraynaya ciddi problem yarada bilməz. Ona görə ki, İran Ukraynaya vura biləcəyi qədər zərəri artıq vurub. İran Rusiyaya savaş dronları ixrac edir və Rusiya həmin dronlarla Ukraynanın infrastrukturuna, yaşayış məskənlərinə zərbələr endirir. İranın bundan sonra Rusiyaya daha hansı formada yardım edəcəyi müəmmalıdır”.
Politoloqun fikrincə, İranın birbaşa ordu göndərməsi real görünmür:
“İran ordu göndərib Ukraynaya hücuma keçə bilməz, ən yaxşı halda Rusiya ordusunun tərkibinə hərbi kontingent göndərə bilər. Buna da rəsmi Tehran yəqin razılaşmaz. İndiki situasiyada daha ağır durumun yaranacağı inandırıcı deyil. Zelenskinin İrana qarşı ittihamları İranın daha böyük problemlər yaratması anlamına gəlməz”.
E.Xalidbəyli qeyd edib ki, hazırda Ukraynanın qarşısında duran əsas təhlükə fərqli istiqamətdədir:
“Əslində Zelenski haqlı olsa belə, indiki situasiyada Ukraynanın əsas problemi İranla bağlı olmalı deyil. Əsas problem ABŞ və Tramp administrasiyası ilə bağlı olmalıdır. Əgər Tramp Rusiyanın düşdüyü durumu yüngülləşdirməsəydi, Rusiya da ABŞ və Aİ-nin ortaq təzyiqlərinə məruz qalsaydı, Kreml indiki kimi rahat davrana bilməzdi. Əsas problem hazırda okeanın o tərəfində, Trampın mövqeyi ilə bağlıdır. Buna görə də Zelenski hakimiyyəti İranı ittiham etməklə yanaşı, Tramp administrasiyasına da etiraz etməyi düşünsə yaxşı olar”.
Nurlan Cəfəri












