!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya ayırılan 61 milyard dollarlıq yardımın PƏRDƏARXASI: Qərb üçün müharibənin əsas qayəsi BƏLLİ OLDU

!Reklam – Yazi

“Bu müharibədə Ukraynanın şansı sıfıra bərabərdir. Sadəcə, Ukraynanı oda atıblar və əvvəlcədən NATO ilə Qərb birliyi çalışırdı ki, Ukraynanın “açarı”nı əlində saxlasın”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Analitik ABŞ prezidenti Co Bayden tərəfindən Ukraynaya ayrılmış 61 milyard dollarlıq yardımın pərdəarxası məqamlarına toxunub.
T.Abbasov xatırladıb ki, hələ ata Corc Buş (Corc Herbert Uolker Buş – red.) prezident olanda artıq bəlli idi ki, Sovet İttifaqı süquta məhkum olacaq və 15 respublika yaradılacaq.

“Bundan sonra isə artıq ABŞ administrasiyasının və Qərb institutlarının nəzərində Sovet İttifaqının yenidən bərpa olunmasına şəraitinin sıfıra endirilməsi planı dayanırdı. Bu baxımdan, ABŞ strateqləri, mütəxəssislər, eləcə də beynəlxalq münasibətlər öncülləri birmənalı şəkildə deyirdilər ki, nəyin bahasına olursa-olsun, Ukraynanı və Belarusu Rusiyanın təsir dairəsindən çıxarmaq lazımdır”, – deyə o bildirib.

“Onlar gördülər ki, planları Belarusda alınan deyil, çünki prezident Aleksandr Lukaşenko çox böyük inadkarlıq göstərdi və nəticədə Qərbdəkilər anladılar ki, Belarus totalitarizmin adası kimi hələlik Avropada qala bilər. Amma mütləq şəkildə Ukraynanı ələ keçirmək lazımdır. Əgər Ukrayna Rusiyanın təsir dairəsindən çıxarsa, SSRİ-nin bərpası baş tutsa belə, o, yarımçıq qurulacaq. Qərb strateqləri düşünürdülər ki, Mərkəzi Asiya ölkələri Rusiyanın orbitinə qayıtsalar, onlar Rusiyadan ancaq tələb edəcəklər və nəticədə Rusiyanı inkişaf etməyə qoymayacaqlar”, – deyə o, əlavə edib.

Analitik diqqətə çatdırıb ki, NATO Hərbi Dəniz Qüvvələri çalışırdılar ki, Krım yarımadasında yeni bir nizam yaradıb, Sevastopolu ələ keçirsinlər:

“Ona görə də Kreml 2014-cü ildə orada tələm-tələsik referendum keçirdi və Krımı Rusiyaya ilhaq etdi. Burada Ukraynanın 2 əsas problemi var idi: birincisi, Kiyev enerji daşıyıcıları baxımından Rusiyadan asılı idi; ikincisi isə Ukraynanın hərbi hava qüvvələri çox zəif vəziyyətdə idi. Ona görə də ABŞ və NATO çalışdılar ki, Rumıniyadan Ukraynaya dənizaltı neft-qaz xətləri çəksinlər, eləcə də Ukraynanın hərbi qüvvələrini o dərəcədə gücləndirsənlər ki, müharibə başlasa, Ukrayna hava hücumlarında Rusiyadan geri qalmasın”.

Politoloqa görə, Qərb üçün müharibənin əsas qayəsi ondan ibarətdir ki, Rusiya haldan düşsün:
“Onsuz da ABŞ çalışır ki, müharibə uzansın və Rusiyanı zəiflətmək Vaşinqtonun strateji hədəfidir. Lakin buna baxmayaraq, konqresmenlərin çoxu deyirlər ki, biz ABŞ-nin vergi ödəyicisinin imkanlarını Ukraynaya veririk, eləcə də İsrail və Tayvan məsələsi də ortada var. Bundan başqa, bu məsələnin sonu yoxdur. Odur ki, bunu bitirmək lazımdır. Belə başa düşürəm ki, ABŞ-dəki seçkilərə qədər müharibə davam edəcək. Ondan sonra isə bəlli olacaq ki, tərəflər hansı nizamlarla hərəkət etməyə çalışacaqlar”.

Qeyd edək ki, ABŞ-nin ayırdığı yardım paketinin həcmi 95 milyard dollar təşkil edir. Bura Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla, münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir. ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv