Ülviyyə Əliyeva kövrəldi: “Yerin çox görünür, Toppuş...”
“Deyirsiniz, onu yad edək… O, yadımdan çıxmayıb ki, yadıma da salım…”
Bu kövrək sözləri aktrisa Ülviyyə Əliyeva rəfiqəsi, Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) xatirə günündə Yenicag.az-a özəl açıqlamasında deyib.
Aktrisa yaxın rəfiqəsi və sənət dostunun yoxluğu ilə hələ də barışa bilmədiyini vurğulayıb:
“Tünzalənin yoxluğu ilə heç barışa bilmirəm. Yeri çox görünür, ən çox da serial çəkilişlərində. Onun zarafatları, improvizələri əvəzsiz idi. Mənim onun kimi ikinci tərəf müqabilim olmadı və bundan sonra da olmayacaq. Bəzən deyirlər ki, əvəzolunmaz aktyor yoxdur. Xeyr, var! Tünzalə əvəzi olmayan sənətkar idi. Allah ruhunu şad eləsin”.
Ülviyyə Əliyeva həmkarının xalqın yaddaşında əbədi yaşayacağını bildirib:
“Elə gün olmur ki, onu xatırlamayaq. Yol gedəndə insanlar yaxınlaşıb deyirlər ki, ‘Səni gördük, Tünzalə yadıma düşdü, Allah Toppuş bacıya rəhmət eləsin’. İnsan xatırlandıqca yaşayır. Allah onun bircə balasını xoşbəxt etsin, çünki Tünzalənin ən böyük arzusu övladının xoşbəxtliyini görmək idi”.
Cəvahir












