Ümidləri öldürən afroamerikan: Obamanın təəssüflə zəngin səkkiz ili – Təhlil

15878626_789786567836518_711598547_n2008-ci ildə ABŞ prezidenti seçilən ilk qaradərili kimi tarixə düşən Barak Obamanın iqtidar dönəminə münasibət birmənalı deyil.

Yeniçağ.Az Türkiyə mediasında B.Obamanın 8 illik idarəçiliyinin təhlil olunduğu yazını təqdim edir.
Bu iki cümlə ABŞ prezidenti postunu Donald Trampa təhvil verməyə hazırlaşan Barak Obamanın 8 illik idarəçilik dönəmini ən yaxşı formada təcəssüm etdirir:

“Mən siyasi fikirlərindən asılı olmayaraq, hər kəsin öz baxışını əks etdirdiyi boş bir ekranam. Mən bu reputasiya ilə hamını olmasa da, bəzi insanların təəssüfünə məhkumam”.

B.Obama prezident seçildiyi 2008-ci ildə ABŞ da daxil olmaqla, dünya qlobal maliyyə-iqtisadi böhranla üzləşmişdi. Hər kəs 1929-cu il ümumdünya böhranının təkrarlanacağından narahat olsa da, Obama Konqresin dəstəyi ilə geniş iqtisadi inkişaf proqramının icrasına başladı. Həmin proqram nəzərdə tutulan səviyyədə olmasa da, uğurla başa çatdırıldı. 2008-ci ildə 2,8 % azalan ABŞ iqtisadiyyatı iki il ərzində inkişaf etməyə başladı və 10 % həddinə çatmış işsizlik göstəricisi də iki dəfə azaldı.

Obamanın aktivinə yazılan addımlardan biri də ölkənin 50 milyon aztəminatlı vətəndaşının səhiyyə xərclərinin dövlət tərəfindən ödənməsini təmin edən və ictimai rəydə “Obamacare” adlandırılan qanun oldu. 2014-cü il yanvarın 1-dən qüvvəyə minən o qanun ABŞ-ın sosial dövlət imicinin yaranmasında mühüm rol oynadı. Lakin onun bu qanuna paralel olaraq tətbiq edilən icbari tibbi sığorta qaydası hələ də səngiməyən mübahisələrə səbəb oldu.

2001-ci il sentyabrın 11-də törədilmiş terror aktının təşkilatçısı elan edilmiş Üsamə bin Ladenin 2011-ci ildə xüsusi əməliyyatla aradan götürülməsi də Obamanın aktivinə yazılıb. ABŞ prezidenti o zaman Bin Ladenin ölümünü “Millətin terrorla mübarizəsində mühüm addım” kimi qiymətləndirmişdi. Bununla belə, Obamanın iqtidar dönəmi terrorla mübarizənin zəiflədiyi dövr kimi xarakterizə edilir.

ABŞ prezidentinin uğurlu xarici siyasətinə isə daha çox dünyanın iki ölkəsindəki fəaliyyəti aid edilir. Onlardan biri “Soyuq müharibə” dövründən münasibətlərin pozulduğu Kuba ilə əlaqələri bərpa edərək, 2016-cı il martın 20-də Havanaya səfəri, ikincisi isə “əsas düşmən” sayılan İranla münasibətləri yumşaldaraq, onunla nüvə anlaşmasını imzalamaqdır.

Ancaq Obamanın 8 illik hakimiyyətinin başdan-başa pozitivlərdən ibarət olmadığı da göz önündədir. Kiçik Corc Buşun yalan üzərində apardığı siyasətin dünyanın qana çalxalamasından sonra müsbət obrazlı bir afroamerikanın ABŞ prezidenti seçilməsi ilə qlobal problemlərə tezliklə son qoyulacağına ümid yaranmışdı. Hətta Obamanın prezidentliyinin ilk ilində reytinqi o səviyyəyə çatmışdı ki, Nobel sülh mükafatı da ona verildi.

Lakin Obama dönəmi ABŞ tarixinin heç də ən sabit dövrü kimi tarixə düşmədi. Ölkədə irqi ayrı-seçkilik səbəbindən baş verən toqquşmalar ABŞ-da davamlı gərginliklə müşayiət olundu. Xüsusilə, Ferqyuson şəhərində polisin qaradərili yeniyetməni qətlə yetirmələrindən sonra başlayan toqquşmalar digər şəhərlərə də yayıldı və hətta Obamanın məhdud çərçivədə edə biləcəyi bir işin olmadığını təsdiqlədi. Digər tərəfdən, ABŞ-da işsizlərin əksəriyyətinin qaradərili vətəndaşların təşkil etməsi də Obamanın nüfuzuna neqativ xallar əlavə etdi.

Eyni zamanda, prezident seçilməzdən əvvəl Quantanamo həbsxanasını bağlayacağını vəd edən Obama bu sözünü də yerinə yetirə bilmədi. Lakin sələfi Buşun dönəmində İraqa göndərilmiş ABŞ hərbi kontingentini geri qaytaracağını bəyan edən Obama 2011-ci ildə sonuncu amerikalı hərbçini həmin ölkədən çıxartmağı bacardı. Ancaq onun dönəmində formalaşdırılmış İraq hökumətinin rəhbərliyi və tərkibi geniş müzakirələrə, mübahisələrə yol açdı.
Ancaq Obama özünün “sülhpərvər” obrazını çox qoruya bilmədi. Suriyada vətəndaş müharibəsinin başlaması və İraq-Şam İslam Dövləti (İŞİD) terror şəbəkəsinin meydana çıxması ABŞ-ı bu regionda fəal hərbi addımlara sövq etdi.

Obamanın passivinə yazılan addımlar sırasında İraqı Maliki hökumətinə təhvil verərək, bu ölkədə İranın təsirinin artmasına şərait yaratması, o cümlədən, Suriya böhranında Türkiyəyə arxa çevirərək, PKK-nın bu ölkədəki qolları olan PYD/YPG-ni dəstəkləməsi, eyni zamanda, Türkiyədə 15 iyul çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması və s. qeyd oluna bilər.

Obamanın səlahiyyət müddəti bitdiyi bir ərəfədə yeni prezident Trampın elan etdiyi siyasətə zidd addımlar atması isə siyasi etikadan kənar davranış kimi qiymətləndirilir. Bu sırada ABŞ-ın Suriyada PYD/YPG-yə silah-sursat göndərilməsini davam etdirməsi və Trampın münasibətləri normallaşdıracağını bəyan etdiyi Rusiyanın 35 diplomatının “arzuolunmaz şəxs” siyahısına salınması xüsusi vurğulana bilər.

Göründüyü kimi, Obamanın 8 illik iqtidar dövrü olduqca ziddiyyətlidir. Obama bu gün seçki keçirilərsə, Trampa qalib gələcəyini bildirir. Ancaq “Ümidin cəsarəti”ndə dediyi kimi, başda müttəfiqləri olmaqla, təəssüf bəxş etdikləri heç də az deyil…

Yeniçağ.az