!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlar gününə “sağlam hədiyyə”

!Reklam – Yazi

“Uşaq” və “bayram” kəlmələri qədər bir-birinə yaraşan başqa iki kəlmə tapmaq çox çətindir. Bizdə ən çox işlədilən “hanı əvvəlki bayramlar?” tipli şikayət cümlələrinin də səbəbi məhz burada gizlidir. Uşaq vaxtı bayramlarda keçirdiyin hissləri, həyəcanı böyüyəndə yaşaya bilmirsən. Və sənə elə gəlir ki, artıq o bayramlar yoxdur. Var imiş!

Bütün bayramlar uşaqlar üçündür. Bayramın bəzəyi uşaqdır, uşağın da ən çox gözlədiyi bayramdır. İçində hədiyyə olan, sürpriz olan, qayğı olan bir şeyi uşaq necə sevməsin ki? Bəli, onların hamısının, ən yüksək səviyyədə təmin olunanından, ən kasıbına qədər hamısının qayğıya ehtiyacı var. Qayğıya, qorunmağa, müdafiəyə…

1 iyun -uşaqların beynəlxalq müdafiəsi günüdür. Bu barədə BMT baş assembleyası 1950-ci ildə qərar verib. Hansı ölkələrdə və hansı şəkildə qeyd olunur, bundan xəbərim yoxdur. Amma bizim ölkədə bu gün həmişə xüsusi qeyd olunub. Həm dövlət tərəfindən, həm də özəl şirkətlər tərəfindən çeşidli tədbirlər keçirilməsinin, uşaqlarla bağlı xoşagələn proqramlar düzənlənməsinin şahidi oluruq hər il. Və ildən ilə də bir növ sosial məsuliyyətə çevrilir bu tədbirlər. Gözəldir!
Yaxşı, gəlin belə danışaq. Yazının bu hissəsindən sonra mən konkret adlar çəkəcəyəm deyə, haqqınızdır düşünəsiniz ki, bu bir reklam yazısıdır. Amma mən gözəl bir günün təəssüratlarını yazmaq istədim. Və əlbəttə ki, uşaqlarla bağlı keçirdiyimiz layihədən cəmiyyətimizin xəbərdar olmasını istədim. Digər şirkətlərin, digər iş adamlarının və sahibkarların daha yaxşı işlər görməsini istədim. Gözəl işlərin “bulaşıcı” olmağı bütün cəmiyyətin xeyrinədir, deyilmi?
Bir iyunla bağlı, düşündük ki, biz nə edə bilərik? “Varını verən utanmaz” prinsipinə sadiq qalıb, varımızdan, yəni “Badam Medical Center” və “Caspian International Hospital”dan, bu tibb ocaqlarındakı dəyərli həkimlərimizin elmindən və müasir tibbi cihazların imkanlarından pay vermək istədik uşaqlara. Əlbəttə ki, ehtiyacı olan uşaqlara. İlk olaraq belə hallarda ağlımıza “biz onlara borcluyuq” dediyimiz insanlar gəlir- şəhid və qazilərimiz. “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev belə işlərdə əvəzsizdir. Təklifimizi razılıqla qarşılayır, dərhal işə başlayacağını deyir Bu hissənin təşkilatçılığı baxımından artıq rahat ola bilərik.

“Başqa kim var?”, sualının əlbəttə ki, xeyli cavabı var. Amma yenə də ilk ağla gələn “ Coşqunun uşaqları” olur. Yox, söhbət aktyor Coşqunun uşaqlarından getmir, hərçənd ki, reklam üçün bu ölkədə o daha uyğun variantdır, amma biz reklam üçün yox, kömək üçün nəsə etməyi düşünürük. Coşqun Eldaroğlunu nəzərdə tuturam. Uzun müddətdir ki, Şabranın Qazbabalı kəndində orta məktəb yoxluğundan təhsil ala bilməyən uşaqlara öz təşəbbüsü ilə dərs deyən Coşqun Eldaroğlunun dərs dediyi uşaqlardan gedir söhbət. Coşqun bəylə danışığımız da uğurlu alınır. Danışıq əsnasında o da məlum olur ki, Coşqun müəllimin dərs dediyi 13 uşaqdan xeylisi bəlkə də heç vaxt Bakı şəhərində olmayıb. Bu onların həm də ilk Bakı səfəridir.

Gətirilmənin təşkilati hissəsini Coşqun bəy öz üzərinə götürür və biz bu işi də olmuş bilirik!

Burada bir qeyd edim, qoy “Sezarın haqqını Sezara verək.” Qədim dostum, “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi”nin sədri Mehriban Zeynalovaya və “Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi”nin rəhbəri Kəmalə Ağazadəyə də zəng edirəm. Sığınacaqlardakı uşaqları pulsuz müayinə edə biləcəyimizi deyirəm. Hər ikisi TƏBİBin sığınacaqlara gələrək bütün uşaqları yenicə müayinə etdiyini deyir. Kəmalə xanım əlavə edir ki, bütün bu cür təşkilatlardakı uşaqlar müayinə edilib. Sevindiricidir. Təşəkkürlər TƏBİB.
Səhər saat ona danışmışıq. Əlaqə saxlayırıq, iki tərəf də vaxtında gələcəyini deyir. Düz saat onda əvvəlcə “Coşqunun uşaqları” onlar üçün ayırdığımız avtobusla Badam klinikasının qarşısında görünür. Ardınca da Emin Tarverdiyev şəhid və qazi övladlarından ibarət dəstəni gətirir. Uşaqları öz sevimli personajları qarşılayır. Musiqi sədaları altında rəqs edib əylənirlər. “Badam”ın oftalmoloq, pediatr, travmotoloq və kardioloqlardan ibarət həkim heyəti hər bir uşağı ayrı- ayrı müayinə edir. Şikayəti olanların şikayəti dinlənilir, lazımi həkimlərə yönləndirilir. Tövsiyyələr verilib, reseptlər yazılır. Xüsusi müayinədən keçməli olan bəzi uşaqların əlindəki müayinə vərəqini görən digər uşaqlar sadəlövhcəsinə “Bundan bizə niyə vermədilər” deyə sual edir. İzah edirəm ki, onlarda o kağızların olmaması əslində xeyirlərinədir, yəni ki, o sahədə heç bir problemləri yoxdur. Digər tərəfdən də, uşaq saflığı ilə verdikləri sual adamı bu dünyadan alıb, o biri dünyaya, saf, təmiz, gözəl “uşaq dünyası”na aparır. Müayinələrə oyun kimi yanaşırlar, sanki bunlar hamısı bir oyundur, əyləncədir.
Xüsusi qonaqlarımızın içində, bir də ən xüsusi qonağımız var. Şəhid Ümman Əmiraslanovun bacısı, daun sindromlu Nurcan Əmiraslanova. Klinikanın qapısından girdiyi anda hamının sevimlisinə çevrilir. İnsan öz qəlbində nə qədər sevgi daşıya bilərmiş ilahi. Bu balacanın sevgisindən, şadlığından hamıya paylamaq olar. Nurcanı “Badam”da göz həkimi, “Caspian”da nevropatoloq yoxlayır. “Hər şey yaxşıdır” deyib, baş barmağını “əla” işarəsi şəklində yuxarı qaldırır.

“Badam Medical Center”də bütün müayinələr bitdikdən sonra, “Caspian International Hospital”a yola düşürük. Yenə də sevimli personajlar. Özlərini bura da uşaqlardan əvvəl çatdırıblar. Hospitalın şarlarla bəzədilmiş girişində qarşıladıqları balacaları kafedə onlar üçün açılmış yemək süfrəsinə dəvət edirlər. Bolluca əylənən və qidalanan uşaqları əyləncədən sonra “Caspian Hospital”ın lor, uşaq cərrahı, nevropotoloq və pediatrdan ibarət həkim heyəti qəbul edir. Yenə hər şey bir oyundur sanki. Bir birlərinin əlindəki müayinə kağızlarından, yazılan reseptlərdən, gözlərinə tökülən damlalardan, bir sözlə hər şeydən bir əyləncə tapa bilirlər. Hər şey müsbətdir onlar üçün. Dünya əlvandır, rəngbərəngdir. Hara baxsalar gözəllik görürlər! Axı onlar uşaqdırlar!

Bayramınız mübarək, əziz uşaqlar!

 

Çingiz Özgür

 

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv