Uşaqlarda zoofobiya yaradan SƏBƏBLƏR: “Valideynlər heyvanlardan qorxursa və…”

“Zoofobiya psixonevrotik xəstəlikdir və müalicəsi üçün dərmanlardan istifadə kifayət etmir”.

Bu fikirləri zoofobiyanı yaradan amillər və onun müalicə üsulları haqqında danışan psixoloq Əfsanə Rüstəmova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uşaqlarda zoofobiyanı yaradan amillər sırasında ilk növbədə valideynin davranışları dayanır.

“Valideyn özü heyvandan qorxduğu üçün uşağını da qorumağa çalışır. “İtə yaxın getmə, səni dişləyər”, “pişiyə toxunma, xəstəlik keçər” və bu kimi başqa sözlər uşaqlarda fobiya yarada bilər.

Ancaq nəzərə alaq ki, qorxu ilə fobiya arasında fərq var. Qorxu hər bir insanda ola bilər. Bu mənada ilan və əqrəb kimi zəhərli heyvanlardan qorxmaq normaldır. Zoofobiyası olan insanlar isə növündən asılı olmayaraq bütün heyvanlardan qorxurlar.

Zoofobiya psixonevrotik xəstəlikdir və müalicəsi üçün dərmanlardan istifadə kifayət etmir. Uşaqlarda bu fobiyanın müalicəsi mərhələli şəkildə olmalıdır. İlk mərhələdə uşaqlarda heyvanların təsviri yaradılır, daha sonra heyvanların fotoşəkilləri onlara göstərilir, üçüncü mərhələdə isə heyvanlarla bağlı sənədli filmlər izlətdirilir.

Bunlardan sonra artıq uşaqlara uzaqdan heyvanları göstəririk. Uşaqları zooparka aparmaq, uzaqdan heyvanları izlətmək də effektli ola bilər. Ən son mərhələdə isə uşaq zərərsiz heyvanlarla təmas edə bilər”.

Nuray Məmmədzadə

COP29