Vahid Məhərrəmov: “Örüş sahələri zəbt olunub, su yoxdur, oliqarxlar isə bazarı inhisara alıb”

media-hightechnic-468x90

“Kəndli çıxılmaz vəziyyətdədir: Heyvandarlıqla məşğul olanlar heyvanlarını satıb şəhərə köçür”.

Bunu Yenicag.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.

media-20251203195354_81f8c8c3

Ekspertin sözlərinə görə, kəndlilərin əsas problemlərindən biri suvarma suyunun çatışmazlığıdır. Bu problem birbaşa yem istehsalına təsir göstərir:

“Fermerlər hər dəfə su axtarışına çıxmaq məcburiyyətində qalır. Su çatışmazlığı səbəbindən yem istehsalı kəskin azalıb. Vaxtilə yem istehsalının 2 milyon 500 min tona çatdırılması hədəflənsə də, bu gün real göstərici cəmi 160 min tondur. Hazırda ot istehsalı mövcud tələbatdan 2,5 dəfə azdır”.

Ekspert örüş sahələrinin təyinatı üzrə istifadə edilməməsinə də diqqət çəkib:

“Örüş və təbii biçənək sahələrinin böyük hissəsi zəbt olunub və başqa məqsədlər üçün istifadə edilir. Yem bazası olmadığı halda heyvandarlıqdan danışmaq mümkün deyil. İnsanlar bu sahədən əldə etdikləri gəlirlə sosial problemlərini həll edirdilər, indi isə bu imkanlar əllərindən çıxır”.

Vahid Məhərrəmov ət və süd məhsullarının bahalaşmasını yerli istehsalın zəifləməsi ilə əlaqələndirib:

“Bu gün ətin qiyməti Azərbaycanda çox yüksəkdir. Mal əti 17 manat 50 qəpik, qoyun əti 22 manat, quzu əti isə 30 manata çatır. Bu, Qazaxıstan və Rusiya ilə müqayisədə iki dəfə, Gürcüstan və Ermənistanla müqayisədə isə 30–40 faiz bahadır. Yerli istehsal rəqabətqabiliyyətli deyil, çünki maya dəyəri çox yüksəkdir”.

Ekspert hesab edir ki, bazarda oliqarxların dominant mövqeyi sıravi kəndlinin bazara çıxışını məhdudlaşdırır:

“Oliqarxlar böyük mal-qara və qoyun sürüləri saxlayır, eyni zamanda böyük ticarət şəbəkələrinə sahibdirlər. Qiymətləri bazarda onlar diktə edir. Kəndlilər heyvanlarını dəyər-dəyməzinə satmağa məcbur qalır və təsərrüfatdan uzaqlaşaraq şəhərlərə üz tutur. Bu, gələcəkdə peşəkar heyvandarların sayının kəskin azalması deməkdir”.

V.Məhərrəmov sahənin idarəetməsindəki kadr boşluğuna da toxunub:

“İdarəetmə strukturlarında bu sahəni dərindən bilən aqronom, zootexnik və baytar həkimlərin sayı çox azdır. Aqrar sahəni peşəkarlar idarə etməli, örüş sahələri yenidən kəndlilərə qaytarılmalıdır. Yalnız bu halda kənd təsərrüfatının sistemli inkişafından danışmaq olar”.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa