“Nəqliyyatdan istifadə zamanı tələbələrin müəyyən güzəştlər tətbiq olunmasını gözləyirik”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında oktyabr ayının 15-dən 11 ali təhsil müəssisəsində tətbiq olunacaq vahid tələbə kartının üstünlüklərindən danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, oktyabrın 15-dən etibarən 11 ali təhsil müəssisəsi üzrə 50-55 min tələbəyə vahid tələbə kartının verilməsi nəzərdə tutulub.
“Bu kartın verilməsi tələbələr üçün istifadə zamanı müəyyən imtiyazlar tanıyacaq, müəyyən güzəştlər tətbiq olunacaq.
İlkin mərhələdə kitab mağazalarından alış-veriş zamanı, restoranlarda istifadə zamanı tətbiq ediləcək. Sonrakı mərhələdə isə nəqliyyat və digər sosial istiqamətlərdə kartdan istifadənin tətbiqi nəzərdə tutulur. Qeyd edim ki, hazırda kartın digər üstün cəhəti kimi ona müvafiq ödənişlərin daxil olması yaxud da həmin kartdan başqa birinin hesabına müəyyən köçürmələrin edilməsi, o cümlədən, rəqəmsallaşma istiqamətin də işlər də görülür. Qarşıdakı dövr ərzində tələbələr müvafiq platformalar üzərindən tətbiq yükləyib, elektron qaydada da bu imkandan yararlana biləcəklər”, – deyə o əlavə edib.
E.Əfəndi qeyd edib ki, dünyanın əksər ölkələrində tələbələrlə bağlı müvafiq kartlardan istifadə olunur. “Burada başlıca məqsəd tələbələrin müəyyən qədər də olsa, maliyyə xərclərinə dövlət tərəfindən dəstəyin verilməsidir. Qarşıdakı dövr ərzində tələbələrin nəqliyyatdan istifadəsi zamanı da güzəştləri gözləyirik. Hazırda ödənişlərin müəyyən hissəsi keşbek olaraq karta geri qaytarılması da gözlənilir. Hər birimizin istəyi ondan ibarətdir ki, xarici ölkələrdə tətbiq olunan kartlar vasitəsilə ya limitli formada, ya da kartla ödəniş olunursa, 50 faizə qədər endirim olunsun. Düşünürəm ki, gələcəkdə məhz bu imkanlar da tələbələrə tanına bilər”, – deyə o bildirib.
Eyni zamanda, o düşünür ki, gələcəkdə təkcə dövlət universitetləri ilə kifayətlənməməlidir: “Bütün dövlət ali təhsil müsəssisələrini əhatə etməli, tədricən özəl ali təhsil müəssisələri də özləri təşəbbüskarlıq irəli sürməlidirlər. Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də bu imkanlardan yararlanmalıdır”.
www.yenicag.az