!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlər və şagirdlər üçün AZALMAYAN “ƏLAVƏ YÜK”: “Bunlar elmdən çox kommersiya maraqlarına...”

!Reklam – Yazi

“Müəllimlərin tədris prosesində istifadə etdikləri istənilən resurs şagird üçün əlçatan olmalıdır”.

Bu fikirləri orta məktəblərdə şagirdlərə yönəlik əlavə dərs vəsaitlərinin aldırılması və onlardan istifadə tələbinə münasibət bildirən təhsil eksperti Nadir İsrafilov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, vaxtilə şagirdlərdən tələb olunan “iş dəftərləri” təhsil, bilik və elmdən daha çox kommersiya maraqlarına xidmət edirdi:

“Kimlərsə hesab edir ki, köməkçi vəsaitlərin əksəriyyəti kommersiya maraqlarına xidmət edir. Digərlərinə görə isə həmin vəsaitlərdə şagirdlərin sərbəst işləmələri üçün kifayət qədər tapşırıqlar mövcuddur. Lakin şagirdlərə paylanmayan hər hansı vəsaitdən istifadə və ya onun məcburi qaydada aldırılması tədris-metodik baxımdan yolverilməzdir.

Əlavə dərs vəsaitlərinin qiymətlərinə gəlincə, onların ildən-ilə bahalaşdığı müşahidə olunur. Əlavə dərs vəsaitlərinin qiymətlərindəki artım çap xərclərinin çoxalması ilə izah edilir. Elə götürək illərdən bəri ən çox müzakirə və mübahisələrə səbəb olan əlavə “iş dəftəri” vəsaitini. Təhsil Nazirliyi “iş dəftər”lərinin tətbiqini kurikulum sisteminə uyğun olaraq 2007-2011-ci illər üçün məqbul saymışdı.

Çünki o dövrdə kurikulumun tələblərinə uyğun dərsliklər hazırlanana qədər belə dəftərlərdən yararlanma zərurəti yaranmışdı. Lakin təəssüf ki, bundan kütləvi şəkildə sui-istifadə hallarına yol verildi. O “iş dəftərləri” təhsil, bilik və elmdən daha çox kommersiya maraqlarına xidmət etməyə başladı, dəftərlərin üz qabığı müxtəlif reklamlarla bəzədildi. Eyni zamanda, onların qiyməti də çoxları üçün əlçatan olmadığı üçün ictimaiyyət bu məsələnin üstünə getdi.

Problemin mətbuatda da geniş işıqlandırılmasından sonra nazirlik “iş dəftərləri”ni dərslik komplekti siyahısından çıxarılması barədə əmr verdi. Hətta o vaxt Təhsil Nazirliyindən belə bir rəsmi bəyanat da verilmişdi ki, əgər məktəblərdə şagirdlərə məcburi şəkildə “iş dəftərləri” aldırılarsa, o zaman valideynlər hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Müəllimlərin tədris prosesində istifadə etdikləri istənilən resurs şagird üçün əlçatan olmalıdır. Əgər doğrudan da, “iş dəftərləri”, testlər və başqa vəsaitlər məcburi deyilsə, o zaman təhsili onun üzərində qurmaq düzgün deyil. Əks halda, valideynlər onları almaq məcburiyyətində qalaraq əlavə xərcə düşürlər.

Bu isə xüsusilə, aztəminatlı ailələrə ciddi çətinlik yaradır. Ona görə də, məqbul hesab etdiyimiz əlavə vəsaitlər dərsliklərlə birlikdə şagirdlərə pulsuz verilməli, yaxud da həmin vəsaitlərin dərsliklərə əlavə qismində məcburi şəkildə aldırılmasına qarşı təsir mexanizmləri tətbiq olunmalıdır”.

Nuray Məmmədzadə

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv