!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynləri 28 ildən sonra Ağdamda şəhidin məzarını ziyarət etdilər

!Reklam – Yazi

Hacı Əkbər Rüstəmov: “Mən o yerlərdə tək Sənanı qoyub gəlməmişdim…”

Şəhid atası, döyüşçü Hacı Əkbər Rüstəmov 28 ildən sonra oğlu Sənan Rüstəmovun Ağdamdakı məzarını ziyarət edib. Bu barədə onun özü sosial şəbəkələrdə ziyarət fotoları paylaşıb. 

Şəhid atası keçirdiyi hissləri “Yeni Müsavat”la bölüşdü: “Hansı hissləri keçirdiyim barədə onu deyə bilərəm ki, gərək o hissləri yaşayasan ki, nəyisə rahat ifadə edəsən. Mənim üçün ən qiymətli olan o oldu ki, anasını da apara bildim. Uzun illər idi ki, anasının ən böyük arzusu idi, onu yerinə yetirdim. Şükürlər olsun ki, sonunda bunu edə bildim. Bu işdə mənə yardımçı olanların hər birinə minnətdaram”.

Şəhid atası 28 il ərzində Ağdamda çox şeylərin dəyişdiyini söylədi: “Orada havaya, suya, buludlara dəyə bilməyiblər. Qalan şey yoxdur. O yerləri gördükcə 28 il öncəki döyüş yoldaşlarım gözüm önündən keçdi, hər birini xatırladım. Çox kədərli hisslər idi. Mənim üçün çox ağrılı oldu. Amma nə etməliyəm ki? Sonunda hamımız barışmalıyıq. Ordumuza, Ali Baş Komandana minnətdaram ki, torpaqlarımızın azad edildiyi günləri görməyi bizə nəsib etdilər. Yazılarımda da hər zaman qeyd olunub. Mən bu vətənin daim əsgəriyəm. Hansı yaş dövründən asılı olmayaraq, döyüşməyə hər zaman hazıram. Heç zaman ümidsiz olmadım. Bir vaxt o yerlərə gedəcəyimə daim inanırdım. İnsan ümidsiz olanda həyatının sonu gəlir. Mən o yerlərdə tək Sənanı qoyub gəlməmişdim. Nə qədər insanlar şəhid verdik. Tək öz itkimi qeyd edə bilmərəm. Orada tələbələrimi, dostlarımı, döyüş yoldaşlarımı itirmişəm. Bu mənim üçün həyatımdır. Mən onlarla yaşamışam. Bakıdan hansısa rayona gedəndə oranın Şəhidlər Xiyabanına mütləq baş çəkmişəm. Halallıq istəmişəm. Həyatdır, yaşayırıq”.

Müsahibimiz birdəfəlik gedib Ağdamda yaşamaq istəyir: “Kaş şəraitim olardı, birdəfəlik gedib orada yaşayardım. Orada daimi yaşaya bilmək ən böyük arzumdur. O torpaqda dünyamı dəyişmək istəyirəm. Sonda bir daha o yerləri bizlər üçün azad edən şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandana sonsuz təşəkkürümü bildirirəm. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Onların hesabına biz daim yaşayırıq. Onlar vətənimizin, millətimizin qürur yeridir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv