“Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyinə inanmaq bu ölkənin siyasi sistemini ələ salmaqdır”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Slovakiyanın “Pravda” nəşrinə müsahibəsində deyib.
Rusiyalı nazir bildirib ki, ölkəsi ABŞ-ın bütün addımlarına təmkinlə və praqmatik qaydada cavab verəcək. Lavrov Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxiləsinə dair iddiaları rədd edib:
“ABŞ Rusiya əleyhinə informasiya səfərbərliyi həyata keçirməkdədir. Prezident seçkilərində uduzan Demokrat Partiyası məğlubiyyətini qəbul etmək əvəzinə Rusiyanı bu uğursuzluğunun günahkarı kimi göstərməyə və “rus hakerlər” iddiasını gündəmdə saxlamağa çalışır”.
Nazir daha sonra “seçkilərə Rusiya müdaxiləsi” iddialarına inananları aşağılamaqdan da çəkinməyib:
“Kimlərsə Rusiyalı bir hakerin sosial şəbəkələri qarışdıraraq, ABŞ kimi güclü dövlətin seçkilərinə müdaxilə edə biləcəyinə inanırsa, bu, Amerika demokratiyasını oyuncaq hesab etmək və bu ölkənin siyasi sistemini ələ salmaq mənasını verir”.
Lavrov əlavə edib ki, ABŞ-ın Rusiya əleyhinə addımlarını davam etdirməsi beynəlxalq təhlükəsizliyə zərər vurur. O, ABŞ-da rusofobiyanın güclənməsinin narahatlıq doğurduğunu da vurğulayıb:
“Bu mənfi dinamika iki ölkənin münasibətlərinə zərbə vurduğu kimi, beynəlxalq təhlükəsizliyin təmin olunması məsələsində də ciddi risklər yaradacaq.
Daha əvvəl də bildirmişdim ki, Vaşinqtondakı siyasi isteblişment rusofobiya isterikasını şişirdir və ikitərəfli münasibətlərin normallaşdırılmasına imkan vermir.
Rusiya və ABŞ prezidentlərinin Helsinki görüşündən sonra Tramp əleyhdarlarının hücuma keçməsi və Konqresdə ölkəmizə qarşı yeni addımların hazırlıqlarına başlamaları təsadüfi deyil.
Ancaq Rusiya bütün bunlara təmkinlə və praqmatik qaydada cavab verəcək. Şübhəsiz ki, Rusiya ilə ultimatum dilində danışmaq cəhdləri labirintdən başqa bir şey deyil”.
Lavrov ilhaq edilmiş Krımın Ukraynaya qaytarılması barədə suala mənfi cavab verib:
“Bu məsələ artıq qapanıb. Krım Rusiya Federasiyasının ayrılmaz tərkib hissəsidir”.
www.yenicag.az