Nazirin “dünyada pulsuz təhsil yoxdur” reaksiya: “Gürcüstan pulsuz etdi, bizdə isə…”
“Təhsil haqqı qalxdıqca təhsil keyfiyyəti də yüksək olmalıdır.”
Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.
Ekspert elm və təhsil naziri Emin Əmrullayevin “dünyanın heç bir yerində pulsuz təhsil yoxdur” açıqlamasına reaksiya verib:
“Təhsil nazirliyinin açıqladığı kimi dünyanın heç yerində pulsuz təhsil yoxdur. Harda təhsil varsa pul da var. İllik təhsil haqqı ödənilən universitetlər də var. İndi elə ölkələr də var ki, orda konkret olaraq daha çox pulsuz təhsil tətbiq olunur amma söhbət dövlət təhsil müəssisələrindən gedir. Dövlət təhsil müəssisələrində də pulsuz təhsil imkanı tanıyan ölkələr var. Bu yaxınlarda qonşu Gürcüstanda belə pulsuz təhsillə bağlı qərar qəbul olundu. Müqayisələndirəndə əhalinin sayı, tərkibi və digər amillər əsas rol oynayır. Müqayisələndirsək bizdə təhsil alan tələbələrin sayı ilə Gürcüstanda təhsil alan tələbələrin sayı fərqlidir. Gürcüstanın ümumi təhsil alan tələbələrinin sayı bizim 1 ildə qəbul etdiyimiz tələbə sayına bərabərdir. Başqa cür müqayisə aparsaq bizdə ali təhsil müəssisələrinə qəbul alan tələbələrin demək olar ki, yarısı pulsuz təhsil qazanır. Bu da təxminən hər il bakalavr pilləsi üzrə 30-35 min nəfərin pulsuz təhsil qazanması deməkdir. 60.000 nəfər qəbul ediriksə onun 35.000 nəfəri demək olar ki, pulsuz təhsil qazanır. Bəziləri birbaşa, bəziləri isə sosial statusuna görə: şəhid ailəsi, məcburi köçkün və s. Magistratura pilləsində də hər il biz 5-6 min nəfəri pulsuz təhsil imkanı tanıyırıq. Eyni zamanda kollec təhsili istiqamətində həm 9 illik, həm də 11 illik baza nəzərə alınmaqla ümumilikdə 6-7 min nəfərə pulsuz kollec təhsili tanıyırıq. Eləcə də, digər təhsil növlərində. Paralel olaraq pullu təhsil istiqaməti də var.”
E. Əfəndi qeyd edib ki, təhsil haqqı yüksək ola bilər amma gərək təhsil səviyyəsi də yüksək olsun:
“Dünya ölkələri ilə müqayisə etsək ABŞ və digər yüksək təhsil göstəricilərinə sahib ölkələrdə də pullu və pulsuz təhsil mövcuddur. Bu ölkələrin eləsi var ki, ödənişli təhsilin miqdarı dəfələrlə çoxdur. Bizim ölkəmizdə bəzi təhsil ocaqları var ki, illik təhsil haqqı çox yüksək təyin edilib amma verdikləri keyfiyyət zəifdir. Bəzi universitetlərdə isə həm keyfiyyətli təhsil təqdim edir, təhsil haqqı da yüksəkdir. Düşünürəm ki, biz təhsil haqqını artırırıqsa mütləq keyfiyyəti də artırmalıyıq.”
Nurlan Cəfəri













