Vəhdət Partiyası bölgələrdə təşkilati dayaqlarını möhkəmləndirir
Vəhdət Partiyası ölkənin müxtəlif şəhər və rayonlarında təşkilatlanma prosesini daha da genişləndirmək üçün ardıcıl regional konfranslara start verib.
Yenicga.az xəbər verir ki, Şirvan Gənclər Evində 100-dən çox partiya üzvünün iştirakı ilə keçirilən görüşdə diqqət əsasən yerlərdə təşkilati fəaliyyətin operativ şəkildə gücləndirilməsi və daha mütəşəkkil strukturların yaradılması istiqamətlərinə yönəlib. Təşkilati islahatlar, yerli şöbələrin yenilənməsi, ictimai fəallığın artırılması və regionlarda partiyanın nüfuzunun möhkəmləndirilməsi tədbirin əsas müzakirə mövzularını təşkil edib.
Toplantıda çıxış edən Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi partiyanın missiyası və dəyərləri barədə danışaraq qeyd edib ki, təşkilat bütün bölgələrdə yenilənmə və genişlənmə prosesini davam etdirir: “Bizim üçün önəmli olan təkcə say çoxluğu deyil, insanların etimadını qazanmaqdır. Hər bir sakinin fikrinə açığıq və onların sosial-mədəni həyatında real dəyişiklik yaratmağı hədəfləyirik.”
“Məqsədimiz yalnız təşkilatın sayını artırmaq deyil, həm də regionda hər bir vətəndaşla sıx əlaqələr qurmaq, ictimai problemlərin həllinə töhfə vermək və gənclərin siyasi-ictimai fəallığını yüksəltməkdir. Regional inkişaf təkcə siyasi məsuliyyət deyil, həm də ümummilli məsuliyyətdir”. Sədr Adəm İsmayıl Bakuvi bildirib ki, partiya daxilində şəffaf idarəetmə, qarşılıqlı əməkdaşlıq və hər bir üzvün təşəbbüslərinin dəstəklənməsi əsas prinsip olaraq qalacaq.
Görüşdə Şirvan və Hacıqabul üzrə qarşıdakı fəaliyyət istiqamətləri müzakirə olunub. Şəhər organizmində özəklərin genişləndirilməsi, yeni üzvlərin partiyaya cəlbi və xüsusilə gənclərlə işin gücləndirilməsi prioritet elan edilib. Bununla yanaşı, sosial layihələrin həcminin artırılması, şəhid və qazi ailələrinə dəstək, aztəminatlı ailələr üçün proqramların genişləndirilməsi, ekoloji təşəbbüslər və könüllülük fəaliyyətləri diqqət mərkəzində saxlanılıb.
Konfransda Şirvan şəhər təşkilatında sədr seçkiləri keçirilib və İlkin Nuraliyev yekdilliklə seçilib. Partiyanın regionlarda davam edən islahatlarının tərkib hissəsi olaraq Hacıqabul rayon təşkilatı da bərpa olunub və Rövşən Heydərov sədr vəzifəsinə layiq görülüb.
Görüşün sonunda iştirakçılar partiyanın sosial layihələrinin genişləndirilməsi, gənclərin partiya işində rolunun artırılması, struktur islahatlarının daha çevik şəkildə tətbiqi və yerli problemlərin kompleks həlli istiqamətində fəal müzakirələr aparıblar.












