Venesuela ssenarisi MASADA: Kubanın “Rusiya kartı” bitir?
“Venesuela məsələsi bitdi, masada Kubadır.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq ABŞ Prezidenti Donald Trampın növbəti hədəfinin Kuba olduğunu qeyd edib:
“ABŞ Latın Amerikasındakı kommunist rejimləri hədəfə alıb. Venesueladan sonra növbəti hədəf kimi digər kommunist rejimin hökm sürdüyü Kuba göstərilir. Kuba uzun müddətdir ki, Rusiya ilə sıx əməkdaşlıq edir. Hələ Sovet dönəmindən oradakı hakimiyyət Amerikaya qarşı mövqedədir. Düşünürəm ki, Tramp Kubadakı rejimi də devirə bilər. O, hazırda həm də Qrenlandiya məsələsi ilə məşğuldur.
Trampın doktrinasına görə, Qərb yarımkürəsində Amerikaya düşmən olan hər hansı bir hakimiyyət qalmamalıdır. Ona görə də Venesueladan sonra Kuba da bu müstəviyə daxil edilib. ABŞ Latın Amerikası qitəsində kənar region dövlətləri ilə (Rusiya, Çin və s.) sıx əməkdaşlıq edən rejimləri dəyişmək xəttini tutur.
Bu kontekstdə Kuba hazırda Amerikanın ‘masasındadır’. Nəzərə alaq ki, Dövlət katibi Marko Rubio da Kubadakı rejimin dəyişdirilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Proseslər hazırda bu istiqamətdə inkişaf edir. Trampın Kubada hakimiyyət dəyişikliyinə nail olması Amerikanın beynəlxalq mövqeyini daha da gücləndirəcək.”
Nurlan Cəfəri












