"Vensin Bakı səfəri sıradan diplomatik hadisə deyil": Vaşinqton Azərbaycanı SEÇDİ – ŞƏRH

media-hightechnic-468x90

“ABŞ vitse-prezidentinin Azərbaycana səfəri sıradan diplomatik hadisə deyil”

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

media-1769592249_resad-bayramov

O, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycana planlaşdırılan rəsmi səfərinin mümkün müsbət nəticələrini şərh edib.

Siyasi şərhçi bildirib ki, bu səfər regional və qlobal siyasi baxımdan diqqətçəkən hadisə olaraq qiymətləndirilə bilər:

“Vensin səfəri təkcə ikitərəfli münasibətlərin cari vəziyyətini nümayiş etdirmir, eyni zamanda Vaşinqtonun Cənubi Qafqaza dair yeni diplomatik yanaşmalarının göstəricisi kimi dəyərləndirilə bilər.

Son illər ABŞ-nin Cənubi Qafqaz siyasətində Bayden hakimiyyəti dövründən fərqli olaraq balanslı və praqmatik xətt axtarışları müşahidə olunur. Vitse-prezident səviyyəsində səfərin reallaşması Vaşinqtonun regionu yalnız rəqabət məkanı deyil, əməkdaşlıq və sabitlik platforması kimi gördüyünü göstərir.

Bu baxımdan, Vensin Bakıya gəlişi ABŞ-nin Azərbaycanı regionda əsas və etibarlı tərəfdaşlardan biri kimi qəbul etdiyinin açıq mesajıdır.

Təbii ki, səfərin əsas gündəm mövzularından biri regional sülh və təhlükəsizlik məsələləri olacaq. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində son dövrlərdə atılan addımlar fonunda ABŞ-ın bu prosesə siyasi dəstək vermək niyyəti aydın görünür. Vaşinqtonun sülh gündəminə yüksək səviyyədə qoşulması tərəflər arasında etimadın möhkəmlənməsinə və əldə olunmuş razılaşmaların davamlılığının təmin edilməsinə töhfə verə bilər. Bu, həm də ABŞ-nin regionda vasitəçi yox, təşviqedici aktor rolunu önə çıxarmaq istədiyini göstərir.

Digər mühüm istiqamət iqtisadi və nəqliyyat əməkdaşlığıdır. ABŞ administrasiyasının regionda ticarət və kommunikasiya dəhlizlərinin açılmasını dəstəkləməsi Azərbaycanın strateji nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirə bilər. Bu kontekstdə TRIPP təşəbbüsü xüsusi əhəmiyyət daşıyır. Layihə region ölkələri arasında nəqliyyat, logistika və ticarət əlaqələrinin genişləndirilməsini, eyni zamanda iqtisadi inteqrasiya vasitəsilə dayanıqlı sülhün təşviqini hədəfləyir.

Xüsusilə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutları çərçivəsində Azərbaycanın iştirak etdiyi layihələr TRIPP təşəbbüsünün praktik icrası baxımından mühüm potensiala malikdir. Bu sahədə aparılacaq müzakirələr Azərbaycanın regional tranzit imkanlarının daha effektiv istifadəsinə, ABŞ və digər beynəlxalq investorların regiona marağının artmasına, eləcə də iqtisadi əlaqələrin şaxələndirilməsinə zəmin yarada bilər.

Enerji təhlükəsizliyi də səfər zamanı diqqət mərkəzində olacaq əsas mövzulardandır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi ABŞ tərəfindən də strateji tərəfdaş qismində qiymətləndirilir. Bu kontekstdə enerji layihələrinin davamlılığı, yaşıl enerji sahəsində əməkdaşlıq və regional enerji sabitliyi məsələlərinin müzakirəsi ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edə bilər.

Bununla yanaşı, səfər çərçivəsində süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq perspektivlərinin də müzakirəsi gözləniləndir. Bu, texnologiya sahəsində birgə layihələr, informasiya təhlükəsizliyi və innovasiya mübadiləsinin gücləndirilməsi istiqamətində əlavə əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına şərait yarada bilər, beləliklə iqtisadi əlaqələrin yalnız ənənəvi sahələrdən çıxaraq rəqəmsal iqtisadiyyat üzrə də genişlənməsinə imkan yaradır.

Vensin səfəri eyni zamanda ABŞ–Azərbaycan münasibətlərinin strateji dialoq səviyyəsinə keçidi baxımından əhəmiyyətlidir. Təhlükəsizlik, siyasi məsləhətləşmələr və beynəlxalq platformalarda koordinasiya məsələləri bu dialoqun əsas sütunlarını təşkil edə bilər. ABŞ-ın Azərbaycanla münasibətlərdə praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşma sərgiləməsi regional güclər arasında balansın qorunmasına da müsbət təsir göstərə bilər.

Odur ki, ABŞ vitse-prezidentinin Azərbaycana səfəri sıradan diplomatik hadisə deyil. Bu səfər Vaşinqtonun regionda sülhü, iqtisadi inteqrasiyanı və strateji əməkdaşlığı dəstəkləmək niyyətinin açıq ifadəsidir. Gözləntilər ondan ibarətdir ki, bu təmaslar Azərbaycan–ABŞ münasibətlərinin daha sistemli və uzunmüddətli əməkdaşlıq mərhələsinə keçidinə təkan verəcək, eyni zamanda Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə real töhfələr yaradacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05