“Böyük Qayıdış” Gənclər Təşkilatının başladığı “Böyük Qayğı” proqramı çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yaşayan Vətən müharibəsi qaziləri Proqramın səfirləri və könüllülərinin iştirakı ilə ziyarət olunublar.
Yenicag.az xəbər verir ki, qazilərə “Böyük Qayğı” proqramı çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumat verilib. Görüşlərdə həmçinin müxtəlif sahələrdə tanınan, Vətən müharibəsi zamanı arxa cəbhədə öz dəstəyini əsirgəməyən, cəmiyyətdə sevilən simalardan Murad Arif və Pərviz İsaqov (PRoMete) proqramın “Ulduz səfirlər”i qismində iştirak edib, qazilərlə həmsöhbət olub, onlara dəstəklərini bildiriblər.
Proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir.
Bu məqsədlə mobil könüllü qrupları yaradılıb. Proqram boyunca sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak etmiş və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin edilmiş könüllülər davamlı olaraq qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə kömək olacaqlar. Həmçinin, xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlərin təşkil edilməsi də nəzərdə tutulub.
Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və İctimai Birliyin sosial media hesabları və ya [email protected] elektron poçtu vasitəsilə əlaqə yarada bilərlər. Ziyarətlər zamanı hazırlanan video və foto hesabatlarla təşkilatın internet resurslarında tanış olmaq mümkündür.
www.yenicag.az