Dövlətin inkişafında vətəndaş cəmiyyətinin rolu hüquqi dövlət quruculuğunun əsas amillərindən biridir.
Hüququn və ədalətin hökm sürdüyü bir cəmiyyətdə vətəndaşların hüquq və azadlıqları qorunur, eləcə də dövlətin bütün strukturları şəffaf və hesabatlı olur. Vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşmasında müsbət təsirə malikdir, çünki cəmiyyətin fəal üzvləri, qanunların tətbiqi, korrupsiyaya qarşı mübarizə və sosial ədalətin təmin edilməsi istiqamətində dövlətə dəstək göstərirlər. Hüquqi dövlət quruculuğu yalnız hüquq sahəsində deyil, həm də sosial və iqtisadi sahələrdə bərabərlik, ədalət və insan hüquqlarının təmin olunmasına xidmət edir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, bu gün Azərbaycanda sözügedən istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
“Bu gün dövlət bu sahə üçün bütün lazımi addımları atır. Bu istiqamətdə bir çox irəliləyişlər əldə edilib. Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatları sərbəst fəaliyyət göstərə bilirlər. Eyni zamanda, hüquqi dövlət quruculuğu ilə bağlı işlər görülməkdədir. Qanunvericilik aktları üzərində iş gedir və bu addımlar uğurla həyata keçirilir. Beləliklə, qanunvericilik sahəsində də xeyli iş görülüb. Hesab edirəm ki, burada iki tərəfli bir iş var: bir tərəfdən, cəmiyyətin üzərinə düşən vəzifə, digər tərəfdən, dövlətin üzərinə düşən vəzifə. Bu proses paralel şəkildə irəliləməlidir, bir tərəfli yox. Vətəndaş cəmiyyəti də bu istiqamətdə prosesə öz töhfəsini verməli, müxtəlif layihələr, tədbirlər və görüşlər vasitəsilə həyata keçirilməlidir”.
Onun sözlərinə görə yalnız dövlət deyil, hər kəs bu məsələlərə bir mövqe və yanaşma sərgiləməli və ortaya qoymalıdır.
“Dövlət hamının dövlətidir. Vətəndaş cəmiyyəti də bu cür proseslərdə öz fəal rolunu və mövqeyini qorumağa çalışmalıdır. Yalnız dövlət deyil, hər kəs bu məsələlərə bir mövqe və yanaşma sərgiləməli və ortaya qoymalıdır. Hesab edirəm ki, belə olduğu təqdirdə bizim daha yüksək nəticələrimiz ola bilər”
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə isə bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu müstəqilliyin bərpa edilməsindən sonra önəmli inkişaf mərhələlərindən keçib.
“Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu müstəqilliyin bərpa edilməsindən sonra önəmli inkişaf mərhələlərindən keçib. Bu müddət ərzində vətəndaş cəmiyyətinin təsis olunması, insan hüquqlarının müdafiəsi, demokratik institutların gücləndirilməsi və müstəqil media mühiti yaratmaq məqsədilə bir sıra təşəbbüslər irəliləyib”.
QHT sədri əlavə edib ki, hüquqi dövlət quruculuğu sahəsində bir çox qanunvericilik islahatları həyata keçirilib, müstəqil məhkəmə sistemi formalaşmağa başlayıb və vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün yeni mexanizmlər yaradılıb:
“Bununla yanaşı, vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-lərə dəstək verilməsi, sosial məsələlərin həllində iştirakının artırılması və ictimai müzakirələrin təşviqi kimi addımlar atılıb. Azərbaycan Prezidenti İlham Əliyev vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna böyük önəm verdiyini dəfələrlə bəyan edib. Cənab Prezident müxtəlif proqramlar və layihələr vasitəsilə vətəndaşların aktivliyini artırmağı, hüquq və azadlıqlarının müdafiəsini təmin etməyi hədəfləyir”.
Onun fikrincə, bu baxımdan Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi təqdirəlayiq fəaliyyət göstərir:
“Azərbaycanda müstəqilliyin bərpa edilməsindən sonra demokratik quruluşun əsas prioritetlərindən biri vətəndaş cəmiyyətinin inkişafı olmuşdur. Dövlət, demokratik prinsiplərin həyata keçirilməsi və vətəndaşların aktiv iştirakının təşviqi istiqamətində bir sıra tədbirlər görüb. Vətəndaş cəmiyyətinin inkişafı, insanların hüquq və azadlıqlarının müdafiəsi, sosial ədalət, ictimai iştirakçılıq və şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu çərçivədə, qeyri-hökumət təşkilatlarının rolu, vətəndaşların cəmiyyətin inkişafına təsir etməsi üçün mühümdür. Eyni zamanda, dövlətin demokratik prinsiplərə riayət etməsi, müstəqil media və hüquqi islahatların həyata keçirilməsi də bu prosesin tərkib hissəsidir”.
F. Hüseynzadəyə görə, vətəndaş cəmiyyəti, müstəqil təşkilatlar və aktiv vətəndaşlar sosial problemləri gündəmə gətirərək, dövlətin fəaliyyətini izləyir və ictimai müzakirələrə qatılır:
“Bu, cəmiyyətdə şəffaflığın, hesabatın verilməsinin və ictimai iştirakçılığın artırılmasına kömək edir. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi mühitin yaradılması dövlətin də bu prosesdə aktiv rol oynamasını tələb edir. Dövlətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığı, hüquqi və institusional dəstək, eləcə də ictimai resursların bölüşdürülməsi, bu sahədəki irəliləyiş üçün əsas amillərdəndir. Dövlət və vətəndaş cəmiyyəti arasında güclü əməkdaşlıq demokratik inkişafın və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın demokratik prinsiplərin tətbiqi və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atdığı addımlar müsbət effektini verir. Bu, cəmiyyətin hərtərəfli inkişafı və demokratik dəyərlərin möhkəmlənməsi üçün vacibdir”.
Məsimə Məmmədova
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanıb.
www.yenicag.az