Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) Milli Dirçəliş Günü qeyd edildi - FOTO

media-hightechnic-468x90

Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) Milli Dirçəliş Günü qeyd edildi.

Yenicag.az xəbər verir ki, VHP-nin mərkəzi qərargahında 17 Noyabr – Milli Dirçəliş Gününün 37-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Meydan hərəkatının lideri, VHP sədri Sabir Rüstəmxanlı açaraq 17 noyabr gününün tariximizdəki yerindən və Meydan hərəkatının yaranmasının tarixi zərurəti haqqında danışıb:

“O zaman dərnəklərdə, xırda birliklərdə milli məsələlər müzakirə olunurdu. Bir dalğanın başlayacağı mütləq idi. Meydan gənclik, tələbələr, fəhlələr, ziyalılarla birgə xalqın ümummilli hərəkatı idi. O zaman hərəkata qoşulmaqdan çəkinən, Meydanı eyvandan izləyənlər sonradan özlərini istiqlalçı kimi təqdim etdilər. Amma hər şeyə rəğmən, bu gün dövlət müstəqilliyinin qazanılması, suverenliyimiz və ərazi bütövlüyümüzün başlanğıcı olan Meydan hərəkatı qürur və şərəf tariximizdir.”

Daha sonra Meydanın ilk aparıcısı, VHP-nin qurucularından Ənvər Əliyev bildirdi ki, 17 noyabrda başlayan hərəkat bir inqilab idi – mənəviyyat, təmizlik, vicdan, əxlaq inqilabı idi:

“Ermənilərə biz nə qədər böyük birliyə, təşkilatçılıq qabiliyyətinə malik olan bir xalq olduğumuzu göstərdik. Bunu həm də bütün dünyaya nümayiş etdirdik. Zaman keçdikcə, hadisələrə kənardan baxdıqca onun böyüklüyü-kiçikliyi aydın hiss olunur. Mənə elə gəlir ki, zaman keçdikcə o dövr hadisələrinə münasibət indikindən, hətta əvvəlkindən də daha gözəl, daha mütərəqqi və yaxud daha doğma olacaq.”

Tədbirdə iştirak edən Nemət Pənahlı Meydan hərəkatının aparıcı şəxslərini xatırladaraq dünyasını dəyişənlərə Allahdan rəhmət dilədi:

“Meydan bu xalqın tarixi uğuru idi. Bu hərəkat Lenin adına olan meydanı Azadlıq meydanı etməklə yeni tarixi dövrün əsasını qoydu. Biz bir davaya başladıq və tək Şimali Azərbaycan üçün yox, Bütöv Azərbaycan üçün, Turan üçün davaya çıxmışdıq. Bu mənada davamız hələ yarımçıqdır. Mən bir gün Azərbaycanın bütövləşməsinə inanıram.”

Sabiq Baş Nazir Pənah Hüseyn 17 noyabrın Azərbaycan naminə olan insanları birləşdirən gün olduğunu bildirdi:

“Elə o zaman da deyildiyi kimi, biz Meydana Gəncəli, Bakılı, Lənkəranlı, Şirvanlı kimi gəlib Meydandan Azərbaycanlı kimi çıxdıq. Bu hərəkat XX əsr milli inqilablarımızdan biri idi və Meydan milli şüurumuzda inqilabi dəyişiklik etdi. 17 noyabr hərəkatı olmasaydı, bəlkə də biz o zaman Qarabağı itirərdik. Meydan hərəkatı həm də istiqlal yolumuzun başlanğıcı idi.”

Sabiq deputat Tahir Kərimli isə vurğulayıb ki, Meydan hərəkatı nəticəsində Qarabağ üzərində Azərbaycanın istiqlaliyyət savaşı da başlamış oldu:

“Bu nöqteyi-nəzərdən əlbəttə ki, bunlar meydan hərəkatları ilə müşayiət olunurdu. Azadlıq meydanı insanlarla coşub-daşırdı. Eyni zamanda respublikanın rayon və şəhərlərində də həmin meydan hərəkatını müdafiə edən mitinqlər keçirildi. Təbii ki, 17 noyabr tarixində Azadlıq meydanında hərəkatın əsasını qoydu. Hesab edirəm ki, müəyyən çatışmazlıqların olmasına baxmayaraq bu hərəkat doğrudan da millətin dirçəlişində xüsusi rol oynadı. Nəticə etibarilə milli özünüdərk, milli kimlik şüuru möhkəmləndi.”

Daha sonra Xalq Hərəkatının fəallarından Siyavuş Mustafayev çıxış edərək Meydanın müasir tariximizdəki rolundan danışdı və hərəkatın bu günkü uğurlarımızın başlanğıcı olduğunu bildirdi. VHP Ali Məclisinin sədri Yusif Salmansoy həmin günlər haqqında xatirəsini danışaraq, milli mücadilənin davam etdiyini bildirdi.

Tədbir digər fəalların çıxışları və Milli Dirçəliş Gününün müasir tarixdəki rolu haqqında diskussiyalarla başa çatıb.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa