“Bu gün əhalidə manata inam qalır, amma çox kövrəkdir”.
Yenicag.az xəbər verir ki, bunu milli valyutamız olan manatın dövriyyəyə buraxılmasından 29 il ötməsindən danışan iqtisadçı Samir Əliyev bildirib.
Onun sözlərinə görə, qarşıdakı illərdə manatın dizaynı, virtuallaşması dəyişə bilər və bu, gözləniləndir:
“Manata olan inam 2014-cü ilə qədər özünün pik həddinə çatdı. 2006-cı ildə deominasiya, 2015-ci ildə devalvasiya və bugünkü mənzərə manata olan inama təsir edib. İnsanlar, sahibkarlar, investorlar öz kapitalını qorumaq üçün dünya əmtəə və valyuta bazarlarında baş verənləri həssaslıqla izləməyə məhkumdurlar. Burada vətənpərvərlik dəyərləri işləmir, şüarçılıqdan uzağa getmir. Milli valyutaya inamın qarantı güclü və dayanıqlı iqtisadiyyatdır.
Manatın məzənnəsi 2015-ci ildən sonra tez-tez müzakirə olunan mövzulardandır. Dünya bazarlarında neft qiymətində dəyişiklik baş verən kimi nəzərlər Mərkəzi Banka yönəlir. Mərkəzi Bank isə bütün inzibati vasitələrdən istifadə edərək məzənnəni hələ ki, sabit saxlamağa müvəffəq olur. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək. Məzənnə barədə çox danışmışıq və mümkün ssenariləri demişik. Bircə şey dəqiqdir ki, manat heç vaxt 78 qəpiyə qədər bahalaşmayacaq, dollar isə ömürlük 1,7 manat səviyyəsində qalmayacaq”.
Gülşən Şərif