İsrail - HƏMAS razılaşmasının kövrək olduğunu sübut edən MÜDDƏALAR - ŞƏRH

media-hightechnic-468x90

“Tərəflər bir-birinin şərtləri ilə razılaşmır”.

media-thumb

Bunu Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu İsrail və HƏMAS arasında bağlanan ortaq sülh razılaşmasını şərh edərkən deyib.
O qeyd edib ki, razılaşmada bir sıra qeyri-müəyyən məqamlar mövcüddur:
“Əslində Misirdə baş tutan görüş İsraillə HƏMAS arasında sülhün əldə olunması deyil, sülh istiqamətində müzakirələrin başlanmasıdır. Ona görə ki, burda Trampın irəli sürdüyü razılaşmanın bəndlərində bir sıra qeyri-müəyyən məsələlər var. Bu da onu deməyə əsas verir ki, sülh razılaşması strateji deyil, taktiki xarakter daşıyır. Bəndlərin birində göstərilir ki, Tramp Qolan təpələri, İordan çayının qərb sahili və Qüdsdə İsrailin süverenliyini tam olaraq tanıyır. Misirdəki görüşün keçirilməsinə razı olan Fələstin, HƏMAS, Misir, Türkiyə və digər İslam ölkələri bunu birmənalı olaraq qəbul etmir. Türkiyənin və digər ölkələrin mövqeyi ondan ibarətdir ki, Şərqi Qüds paytaxt olmaq şərtilə müstəqil Fələstin dövləti yaradılmalıdır. Razılaşma mətnində Fələstin dövlətinin yaradılması ilə bağlı hər hansı müddəa yoxdur və ya “Fələstin tərəfindən islahatlar uğurla aparılandan” sonra Qəzza idarəetməsi Fələstinə verilə bilər. Bu islahatların uğurla aparılması hansı təşkilat tərəfindən və hansı kriteriyalarla qiymətləndiriləcək, məlum deyil. Digər tərəfdən Qəzzada infrastrukturun bərpası və ümumi razılaşmanın əldə olunması uzun proses vəd edir, bu da Fələstin dövlətinin yaradılmasını əngəlləyən başlıca amillərdən biridir. Netanyahu hakimiyyətdə olduğu zaman mümkün deyil ki, Fələstin dövləti yaransın və eyni zamanda qalıcı sülh əldə olunsun”.
“HƏMAS”-ın razılaşmada İsrail ordusunun tam bölgədən çıxmasını istəməsi qarşı tərəfin mövqeyi ilə üst-üstə düşmədiyini qeyd edən politoloq sözünü belə davam edib:
 “HƏMAS”ın mövqeyi İsrail ordusunun Qəzzadan tam çıxarılmasıdır, amma razılaşmada qeyd olunur ki, İsrail ordusu müəyyən olunmuş əraziyə çəkilməlidir. Onlar bundan imtina etsələr də, Türkiyənin HƏMAS-ı buna razılaşdırma istiqamətində rolu olduqca önəm daşıyır. Hesab edirəm ki, Türkiyə Fələstin dövlətinin yaranmasının konkret müddəalarla qeyd edilmədiyi sülh mətninə ona görə imza atdı ki, İsrail bundan sonra qarşı tərəfin əlində olan girovları bəhanə edərək, beynəlxalq dəstək qazanmağa imkanı qazana bilməsin. Eyni zamanda Tramp İsrailin şərtlərini ona görə nəzərə aldı ki, Fələstin dövlətinin yaranması ABŞ prezidentinin irəli sürdüyü bəndlərdə konkret müddəalara əlavə olunsaydı, o zaman İsrail bu razılaşmaya getməyəcəkdi. Bütün bunlar taktiki yanaşmanın olduğunu göstərir. Hesab edirəm ki, Türkiyənin planı ondan ibarətdir ki, razılaşmanın ilk bəndində yer alan atəşkəs elan edilib, 72 saat müddətində girovlar azad olunsun və humanitar yardım dərhal Qəzzaya çatdırılsın. Bununla da müsakirələrə yol açılsın. Bundan sonra daha çox diplomatik mübarizənin başlamasına şahid olacağıq. HƏMAS isə silahları İsrailin dediyi qaydada təhvil verməyəcəyini bəyan edib”.
“Prosesdə əsas rol alan Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan özü də konkret olaraq bildirdi ki, Qəzzanın təhlükəsizliyi və idarəsi birmənalı olaraq Fələstinə verilməlidir”, – deyən Ə. Zülfüqaroğlu Netanyahu hakimiyyətdən qaldığı müddətdə bu problemin kökündən həll edilməyəcəyini düşünür:
 “Bütün bu planlar düşünürəm ki, ABŞ və Türkiyə tərəfindən Netanyahunun hakimiyyətdən getməsinə hesablanıb. Problemin dərinləşməsinə və həll edilməməsinə əsas səbəb sionizm ideologiyası və onun siyasi səhnədəki gücü olan Netanyahu hökumətidir. Artıq İsrail koalisiyasında atəşkəslə bağlı ziddiyyətin yarandığını, daxili etirazların artacağını nəzərə alsaq, o zaman İsrail hökumətinin ömrünün sona çatdığını deyə bilərik. Bundan sonra İsrail hökumətində hansı düşüncənin olacağı ilk növbədə İsrailin özünün, eyni zamanda Fələstin və Yaxın Şərqin gələcəyini müəyyən edəcək”.
Nurlan Cəfəri
media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa