!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşların müraciətlərinə baxılmasında hansı problemlər var?

!Reklam – Yazi

“Vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə bağlı vətəndaşları daha çox narahat edən məsələlər vəzifəli şəxslərin qəbulu, elektron müraciətlər və çağrı mərkəzlərinin, “Qaynar xət”lərin işinin keyfiyyəti ilə bağlıdır.

““Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində apardığımız araşdırmalar göstərir ki, vətəndaşları qəbul edən şəxslərin özlərinin qəbul keçirtməməsi, elektron müraciətlərin vaxtında cavablandırılmaması, dövlət orqanlarının çağrı mərkəzlərinin həddən artıq yüklənməsi və operativ işləməməsi əsas problemlər kimi vurğulanır”.

Yenicag.az xəbər verir ki, bunu “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli jurnalistlər üçün “Vətəndaş müraciətlərinə baxılması” mövzusunda keçirtdiyi brifinqdə deyib.

Brifinq Avrasiya Əməkdaşlıq Fondunun Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondunun ekspertlərinin müqavilə üzrə həyata keçirtdiyi “Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” xidməti üzrə təşkil olunub.

Jurnalistlərin suallarını cavablandıran İbrahimli qeyd edib ki, layihə çərçivəsində Bakı şəhərində 700 nəfər arasında vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar rəy öyrənmək üçün sorğu keçirilib. Sorğunun ümumiləşdirilmiş nəticələrinə əsasən, dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar ümumilikdə, 41.7% pozitiv münasibət sərgiləyib. Bu isə əvvəlki illərlə müqayisədə çox əhəmiyyətli dəyişikliklərdir. Ümumiləşdirildikdə, belə məlum olur ki, 33.3% isə problemin gec həll olunmağından narazıdır. Belə nəticəyə gəlmək olar ki, vətəndaşlar müraciətlərinə baxılan zaman daha ciddi yanaşma və real nəticələr görmək istəyilər.

Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirtməsi ilə bağlı 8.4% hesab edir ki, bu sahədə vəziyyət pisləşib. 36.1% vəziyyətin dəyişmədiyini vurğulayıb. Bu nəticələr göstərir ki, dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirtməsi ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə də, bu sahədə də əlavə səylərə ehtiyac var. Qeyd edilənlər göstərir ki, bu istiqamətdə irəliləyiş üçün çox böyük potensial var. Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirtməsi ilə bağlı ən ciddi problem qəbulu keçirən şəxslərin özlərinin orada iştirak etməməsidir. Təəssüf ki, bu problem hələ də aktuallığını saxlayır”.

İbrahimli layihə çərçivəsində hazırlanmış təklifləri də diqqətə çatdırıb. Bu təkliflər aşağıdakılardan ibarətdir:

– Vətəndaş müraciətlərinə baxılması çərçivəsində qanunvericiliyin pozulmasına görə daha sərt sanksiyaların müəyyənləşdirilməsinə ehtiyac var. Vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların 100 manat məbləğində, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə olunmasını nəzərdə tutan yeni maddənin İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi yetərli deyil. Bu sanksiyalar qanunvericiliyin pozulmasına görə kommersiya və QHT-lər üçün nəzərdə tutulan sanksiyalardan dəfələrlə azdır. Sanksiyaların məbləğinin az olması isə ciddi məsuliyyət tədbiri kimi yetərli deyil.

– “Vətəndaşların müraciətləri haqqında” qanunun 6.9-cu maddəsində qeyd olunur ki, “Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir”. Nəzərə alınmalıdır ki, heç də bütün vətəndaşlar müraciətdə təklif və ya tələbini aydın ifadə edə bilmir. Eyni zamanda bu da müraciətin ünvanlandığı subyektə müraciətə baxmamaq üçün müəyyən əsaslar yaradır. Buna görə də bu maddədə müraciətin yalnız oxunaqlı olması tələbinin qoyulması daha məqsədəuyğundur. Əks halda, vətəndaşlar müraciətləri başqalarına yazdırmağa məcbur olurlar ki, bu da vətəndaşın əlavə ödəniş etməsi ilə nəticələnir.

– “Vətəndaşların müraciətləri haqqında” qanunda vətəndaşların qəbulu zamanı vəzifəli şəxslərin məsuliyyətini artıracaq əlavə müddəalara ehtiyac var.

– Vətəndaşların müraciətlərinin icraatı ilə bağlı elektron izləmə sisteminin tətbiq olunması, vətəndaş müraciətlərinə baxılması sahəsində mövcud vəziyyətin daha da yaxşılaşması, vətəndaş müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin məsuliyyətinin azalması, təkrar müraciətlərin sayının əhəmiyyətli şəkildə azalmasına çox böyük töhfə verərdi.

A. Zeynalov

COP29

www.yenicag.az

1818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv