Gözləntilərin əksinə olaraq manat üzən məzənnəyə 47%-lik dəyər itkisi ilə keçdi. Etiraf edək ki, manatın üzən məzənnəyə belə bir dəyər dəyişikliyi ilə keçəcəyini heç kəs gözləmirdi. Biz də öz təhlillərimizdə manatın üzən məzənnəyə keçirilməsinin zəruriliyini qeyd edirdik. Lakin 47%-lik itki gözləntilərimizə daxil deyildi. Bunu ümumiyyətlə heç kəs proqnozlaşdıra bilməzdi. Real vəziyyətin nədən ibarət olduğunu dəqiq bilən yeganə ünvan Mərkəzi Bank idi. Bu barədə yazılarımızda dəfələrlə vurğulamışıq ki, kənar müşahidələr heç bir halda əsl reallıq kimi qəbul oluna bilməz. Manatın taleyinin necə olacağını və xarici təsirlərə necə davam gətirəcəyini yalnız Mərkəzi Bank dəqiq bilirdi və biz də hər dəfə məhz bu faktı daha çox qabardırdıq.
Manatın 47%-lik dəyər itkisi ilə üzən məzənnəyə keçməsinə baxmayaraq hələ də bazarda ajiotaj müşahidə olunur. Bu ajiotaj haradan və nədən qaynaqlanır? Döğrudanmı üzən məzənnəyə keçiddən sonra da ölkədə valyuta qıtlığı davam edir və tələb təklifi bir xeyli üstələyir? Xeyir, əsl həqiqət bundan ibarət deyil. Bu, təkcə psixoloji durumdan qaynaqlanan məsələ də deyil. Hazırkı vəziyyəti yaradan tərəflər var. Gəlin bir qədər əvvələ qayıdıb məsələlərin kökünü daha dərindən araşdırmağa çalışaq. Bəzi hesablamalara görə, bu ilin fevral ayında baş vermiş devalvasiyadan öncə əhalinin əlində yığım şəkilində (evlərdə saxlanılan) 7 milyard manata qədər vəsait olub. Fevral devalvasiyası öncəsi və ondan sonrakı dövrdə əhali bu vəsaitin praktik olaraq hamısını möhkəm valyutaya – əsasən dollara çevirə bildi. Dollarlaşma prosesi təkcə evlərdəki manat yığımını əhatə etmədi. Paralel olaraq banklarda manatla olan əmanətlərin də dollara çevrilməsi prosesi baş verdi və bununla da ölkədə dollarlaşma prosesi müəyyən mənada başa çatmış oldu. Bu proses başa çatdıqdan sonra ilk növbədə dollara basqı yarada biləcək manat kütləsi praktik olaraq ortada qalmadı. Bu proses eyni zamanda manatın üzən məzənnəyə keçirilməsinə hazırlıq prosesi kimi də dəyərləndirilirdi. Bəs bu gün, manatın üzən məzənnəyə keçməsindən sonra dollara olan belə “kəskin təlabat” haradan qaynaqlanır? Bax burada başqa oyunçular var və təəssüf ki, onları nədənsə heç kim görmək istəmir. Hər kəs bilməlidir ki, bütün dövrlərdə “qara bazar” mövcud olub və o, yalnız öz “qaydaları” ilə işləyib. Məsələn, bu gün “qara bazar yarandı” deyib haray salanlar bilmirlər ki, manatın bu ilin fevral ayındakı devalvasiyasına qədər təkcə Abşeron yarımadasında (Bakı və Sumqayıt şəhərləri daxil) 1000 – dən artıq adam mütamadi qaydada qeyri-leqal valyuta mübadiləsi ilə məşğul olub. Heç şübhə yoxdur ki, fevral devalvasiyasından sonra onların sayı bir qədərdə artıb, fəaliyyətləri isə daha da genişlənib. Dekabrın 21-dən sonra isə onlar bu qara fəaliyyəti bir növ “leqallaşdırmaq” yolunu tutmaq istədilər. Manatın üzən məzənnəyə keçməsi və onun birdən-birə 47% dəyər itirməsi bu prosesdən sonrakı ilk bazar günü həmin “qara alverçilərin” 1990-cı illərin əvvəllərindəki kimi açıq-aşkar şəkildə meydanlara çıxmasına “münbit” şərait yaratdı. Hər kəsə ağıl öyrədib manata olan təziqlərin kökünü başqa yerlərdə axtaranlar qoy bilsinlər ki, manatın məzənnəsinə süni şəkildə basqı yaradanlar var və onlar bu həssas dönəmdə öz iştahalarına güc gələ bilməyən möhtəkirlərdir. Heç şübhəsiz ki, bu möhtəkirlər mətbuat səhifələrində “iqtisadçı ekspert” qismində çıxış edib, yersiz çağırışlarla manatın məzənnəsi ətrafında ajiotaj yaradanların da xidmətindən məharətlə istifadə edirlər. Hesab edirik ki, hüquq mühafizə orqanları bu möhtəkirlərə və eyni zamanda, siyasi motivlərə söykənən çıxışlarla insanlarda çaşqınlıq yaradanlara qarşı mübarizəni sərtləşdirməlidirlər.
Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor
www.yenicag.az