Vilayəti yaxşı bilir: “Bakı-Naxçıvan birləşərsə, İran rolsuz qalacaq”

media-hightechnic-468x90

“Əli Əkbər Vilayətinin açıqlaması İranın Zəngəzur dəhlizi qorxusuna hesablanıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Abdullayev bildirib.

Politoloq İranın ali dini rəhbəri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizinin regionda təhlükə olduğunu qeyd etməsini şərh edib.

Onun sözlərinə görə, Ə. Ə. Vilayətinin məlum açıqlaması heç də regionun təhlükəsizlik baxımından deyil, əslində, İranın strateji qorxusundan ibarətdir:

“Vilayəti gözəl anlayır ki, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə, heç şübhəsiz ki, Bakının Naxçıvanla birbaşa əlaqələri qurulmuş olacaq. Bu isə İranın Naxçıvan üzərindən Bakı ilə əlaqə qurmaq imkanını zəiflədəcək. Belə olduğu təqdirdə heç şübhəsiz ki, İran üçün bu geosiyasi nəzarəti itirmək deməkdir. Digər tərəfdən, bütün siyasi təhlilçilərin gəldiyi qənaət bundan ibarətdir ki, Zəngəzur dəhlizi, eyni zamanda Türkiyəni Orta Asiyaya birləşdirən Turan dəhlizinin bir parçasıdır. Bu İranın uzun illər qorxulu röyasının gerçəkləşməsinə doğru atılan addım olduğunu Vilayəti dərk edir”.

E. Abdullayev dəhlizin açılması ilə regionda türk nüfuzunun artma ehtimalını nəzərə alıb İranın bundan ehtiyat etdiyini qeyd edib:

“Dəhlizin açılması, eyni zamanda türk nüfuzunun artması qorxusunu yarada bilər. Xüsusən də bu layihənin gerçəkləşməsi Tehran üçün İran ərazisində yaşayan on milyonlarla azərbaycanlılara psixoloji təsir edər və onların Azərbaycandakı qardaşları ilə birləşmə həvəsini alovlandıra bilər ki, bu da Tehran üçün qəbuledilməzdir. Üçüncü məsələ isə Tehran hesab edir ki, Zəngəzur dəhlizi layihəsində Qərb, xüsusən də ABŞ və İsrail daha çox maraqlıdır. Rəsmi Tehran düşünür ki, bu dəhliz açılacağı təqdirdə, əsasən, Cənubi Qafqazda Rusiya və İranın təsir imkanları zəifləyəcək və bir növ sıradan çıxacaq. Ən əsası da Rusiya və İranın regionda yeganə müttəfiqi olan Ermənistanın qərbə yönləndirilməsi istiqamətində addımlar atıla bilər ki, bunu Tehran və Moskva hesablamamış deyil”.

Politoloq həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi açılarsa, İranın “Ermənistan kartı” əlindən çıxacaq və Ermənistan həm Türkiyə, həm də Azərbaycanla əlaqələri genişlədəcək:

“Düşünürəm ki, İran uzun illər Ermənistanı özünün bir növ geosiyasi balansında və nəzarətində görüb. Zəngəzur dəhlizi açılarsa, Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşması qaçılmaz olacaq. Bu isə Tehranın regional alətlərinin əlindən alınması deməkdir. Nəticə etibarilə, İran tərəfi hesab edir ki, Zəngəzur dəhlizi İran üçün təkcə quru yol məsələsi deyil, həm də regional nüfuz, təhlükəsizlik balansı, etnik və siyasi sabitlik üçün potensial təhlükə daşıyır. Bu səbəbdən, İran bu dəhlizin açılmasına tamamilə qarşıdır, onu gizli plan kimi təqdim edir və Vilayətinin də açıqlaması məhz buna hesablanıb”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600