Böyük Britaniyada yerləşən “Virgin Galactic” şirkəti dünən ilk turistlərini kosmosa göndərib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, 18-80 yaş arası 3 nəfərin olduğu səyahət 45 dəqiqə çəkib.
Britaniyalı milyarder Riçard Bransonun aerokosmik şirkəti “Virgin Galactic” 19 illik çalışmalardan sonra dünən ilk turistləri kosmosa göndərib. “Galactic 02” olaraq adlandırılan ekspedisiya üçün ABŞ-nin Nyu-Meksiko ştatında uçuş-enmə zolağından havaya qalxan raketin içərisində 3 sərnişin olub. Raket cazibə qüvvəsinin minimuma endiyi 88 kilometr yüksəkliyə qalxıb. Kosmosa səyahətin müddəti ümumilikdə 45 dəqiqə çəkib və raket yerə uğurlu eniş edib.
Kosmik gəmidə 1972-ci il Olimpiadasında İngiltərəni kanoe üzrə təmsil edən 80 yaşlı Con Qudvin, 46 yaşlı sağlamlıq məşqçisi Keyşa Şaff və onun 18 yaşlı qızı Anastastiya Mayers olub.
Qeyd edək ki, 2004-cü ildə qurulan “Virgin Galactic” şirkəti gələcək kosmos uçuşları üçün 800-ə yaxın bilet satıb. 2005-2014-cü illər arasında bilet 200-250 min dollara satılıb, 2014-cü ildən isə onun qiyməti 450 min dollar təşkil edib.
Sadiq Cavadov
www.yenicag.az