“Elə verilişlər var ki, orada görünməkdənsə, görünməmək daha yaxşıdır”.
Bunu xalq artisti Simarə İmanova Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi gündəm naminə onu qalmaqala çəkmək istəyənlərdən danışıb:
“Gündəmdə qalmaq üçün heç vaxt kiminsə bostanını daşlamaram, onun-bunun dalınca qeybət etmərəm. İnsan ağzından çıxan sözün ağası olmalıdır və nə danışdığının da fərqinə varmalıdır. Mən sənətə təsadüfən gələn insan olmamışam. Yüngül söz-söhbətləri özümə yaraşdırmamışam, çalışmışam sanbalımı qoruyub saxlayım. O qədər qalamaqala çəkmək istəyənlər olub ki… Şərt kəsmişəm ki, əgər oradada qalmaqallı nəsə olacaqsa, bəribaşdan deyin, gəlməyim. Çünki mən o səviyyənin yiyəsi deyiləm ki, durub efirdə kiminsə ünvanına nalayiq söz işlədim, ya kiminsə dalınca danışım. Allah uzaq eləsin, həmin adam da mənə ağır cavab versin. Bu, heç vaxt mümkün ola bilməz. Ola bilər gündəmdə qalmaq naminə bu, kiməsə sərf etsin, amma mənim təbiətimə yad olan davranışlardır.
Bir dəfə görmədik ki, korifey sənətkarlarımız, ustadım xalqın sevimlisi Ağaxan Abdullayev, yaxud da digər sənətkarlarımız Arif Babayev, Əlibaba Məmmədov, Yaqub Məmmədov və başqalarının dilindən nalayiq söz çıxsın. Alim Qasımovun özü, ancaq sənəti ilə tanınıb. Yeri gələndə o qədər onun bostanını daşlayıblar ki, bir dəfə də olsun qarşı tərəfə cavab verməyib”.
Xalq artisti dəvət aldığı verilişlərin birində qarşılaşdığı mənzərədən şok olduğunu deyib:
“Bir dəfə telekanalların birinə dəvət aldım. Adını çəkməyəcəm, dedilər ki, səviyyəli bir verilişdir, sanballı qonaqlarımız olacaq. Bəzənib-düzənib getdim. Orada elə adamlar gördüm, şoka düşdüm ki, yəni bu insanlarla bir verilişi paylaşacam? Dərhal dedim ki, bəs məni gözləyirlər, beş dəqiqəyə qayıdıram. Maşına minib oradan qaçdım. Evdə deyiblər bəs verilişə gedəcəkdin, nə oldu? Demişəm elə yerdə görünməkdənsə, görünməmək yaxşıdır. Yeri gələndə deyərəm ki, bəzənib-düzənmək üçün pul xərcləmişəm, əziyyət çəkib getmişəm, çəkilim verilişə. Mən ümumiyyətlə, efirdə görünməkdən ötrü əldən-ayaqdan gedən insan deyiləm, ay o verilişə də çıxıb, bu verilişdə də görünüm və s. Yox, mütləq şəkildə şərtimi kəsirəm ki, bax, gəlib verilişdə səviyyəsiz nəsə görsəm, dərhal tərk edəcəm o verilişi. Mənə yaraşmaz axı elə verilişlərdə iştirak edim, özümü hörmətdən salım. Biz o hörməti-izzəti illərdir ki, damla-damla qazanmışıq”.
Cəvahir
www.yenicag.az