Xalq artistinin NAKAM ARZUSU: “Onun istəyini yerinə yetirə bilmədim”
“Təəssüflər olsun ki, müəllimimin istəyini yerinə yetirə bilmədim. O arzu arzu olaraq da qaldı”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Yasin Qarayev deyib.
Aktyor bu yaşa qədər arzuladığı, amma canlandıra bilmədiyi obrazlardan danışıb:
“Gənc Tamaşaçılar Teatrında çalışdığım 52 il müddətində ürəyim istəyən çox rollar oynamışam. Ürəyimdə qalan elə bir obraz yoxdur. Amma o vaxt mənəvi atam kimi sevdiyim ustadım Hüseynağa Sadıqov həmişə mənə deyirdi ki, ‘İki ağanın bir nökəri’ tamaşasını hazırlayacağam, oradakı Truffaldino rolunu sənə verəcəyəm. O dövrdə idmanla məşğul olurdum və fiziki imkanlarım da bu rolu canlandırmağa imkan verirdi. Amma təəssüflər olsun ki, müəllimimin istəyini yerinə yetirə bilmədim. O, dünyasını dəyişdi, mən isə yaşa doldum. Həmin arzu elə arzu olaraq da qaldı. Nə müəllimimin istəyi yerinə yetdi, nə də mən onun arzusunu reallaşdıra bildim”.
Xalq artisti bu gün oynamaq arzusunda olduğu obrazın adını da çəkib:
“Bu yaşıma qədər klassik əsərlərin çoxunda oynamışam. İlk dəfə bu teatra gələndə ‘Hacı Qənbər’ tamaşasında Aşıq Vəli rolunda özümü sınadım və o obraza görə məni Gənc Tamaşaçılar Teatrına işə götürdülər. Hərdən fikirləşirəm ki, ‘Hacı Qənbər’i səhnələşdirən olsa, yenidən o tamaşada Hacı Qənbər obrazını oynayaram. Rejissor Nicat Kazımova da bu arzumu demişəm. Onun rejissor yozumunda bu tamaşanın səhnə həllinin mükəmməl olacağına inanıram. O da mənə söz verib ki, bu tamaşanı səhnələşdirəcək”.
Cəvahir












