!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xalq memarının ailəsindən İlham Əliyevə MİNNƏTDARLIQ: “Qabaqcıl ziyalıların xatirəsini yaşatdığınıza görə...”

!Reklam – Yazi

Prezidenti İlham Əliyevin abidəsinin ucaldılması haqqında Sərəncam imzaladığı memar-akademikin ailə üzvləri dövlət başçısına təşəkkür ediblər.

Yenicag.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsisçilərindən və ilk həqiqi üzvlərindən olan akademik Mikayıl Useynovun xanımı Səidə Useynova ilə qızı Tubuxanım Qasımzadə tanınmış ziyalıların xatirəsini yaşatdığına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Onların bununla bağlı müraciətində qeyd olunur ki, Prezident İlham Əliyevin görkəmli Azərbaycan memarları, eyni zamanda, elmi-pedaqoji və ictimai fəaliyyətləri ilə tanınan, AMEA-nın təsisçilərindən və ilk həqiqi üzvlərindən olan akademik Mikayıl Useynov və akademik Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında 8 oktyabr 2022-ci il tarixli Sərəncamı ölkənin elmi-mədəni ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

XX əsr Azərbaycan peşəkar memarlıq məktəbinin baniləri olan hər iki sənətkar Bakı şəhərində və ümumilikdə respublikada nəhəng memarlıq abidələrinin müəllifləri kimi ölkəmizin əsrlər boyu yaşayan memarlıq sənətinə yeni bir ruh veriblər.

Ailə üzvlərinin verdiyi məlumata görə, bu iki memar yalnız həmkar və dost deyil, həm də qohum olublar. Sadıq Dadaşov Mikayıl Useynovun bacısı ilə evli olub. Mikayıl Useynovun 200-ə yaxın layihəsi həyata keçirilib. O layihələr üzrə yaşayış, inzibati, mehmanxana, nəqliyyat və sair binalar Moskva, Düşənbə, Azərbaycanın müxtəlif şəhərlərində – Bakı, Sumqayıt, Gəncə və s. inşa edilib.

Bakıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin binası, Azərbaycan Dövlət Konservatoriyası, Respublika Dövlət Kitabxanası, Elmlər Akademiyasının binaları kompleksi, Nizami adına Ədəbiyyat Muzeyi, bir sıra metropoliten stansiyaları, şəhərin ən iri mehmanxana-restoran kompleksləri və başqa tikililər Azərbaycan paytaxtını indi də gözəlləşdirməkdədir. Qeyd edilir ki, 1946-cı ilə qədər həyata keçirilmiş layihələr həmin il vəfat etmiş akademik Sadıq Dadaşovla birgə hazırlanıb.

Onların yaradıcılığı, şübhəsiz ki, XX əsr Azərbaycan memarlığının inkişafına həlledici təsir göstərib. 1992-ci ildə Mikayıl Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradılmış və alimə həmin qurumun ilk prezidenti olmaq etimadı göstərilib. Mikayıl Useynovun yaradıcılığı yalnız Azərbaycanda deyil, beynəlxalq sənət aləmində də böyük nüfuz qazanıb. Təsadüfi deyil ki, o, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, İranın Müasir Memarlıq Daimi Konqresinin vitse-prezidenti və sair beynəlxalq təşkilatların üzvü, 1985-ci ildə Londonda fəaliyyət göstərən Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilib.

Dünya şöhrətli memar, alim-pedaqoq akademik Mikayıl Useynov 1970-ci ildə Ulu Öndər Heydər Əliyevin təqdimatı ilə SSRİ Xalq memarı fəxri adına layiq görülüb. 7 oktyabr 1992-ci ildə Bakı şəhərində vəfat edən akademik Mikayıl Useynov da akademik Sadıq Dadaşov kimi I Fəxri xiyabanda dəfn edilib.

Milli-mənəvi dəyərlərimizə qiymət verdiyinə, qlobal problemlərin həllindən vaxt ayırıb qabaqcıl ziyalıların, o cümlədən Mikayıl Useynovun xatirəsini yaşatdığına və əziz tutduğuna görə bütün Useynovlar ailəsinin adından ailənin ağbirçəyi kimi Səidə xanım Useynova və qızı Tubuxanım Qasımzadə Prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlıq hissini ifadə edərək, Azərbaycan ziyalıları zümrəsinin nümayəndələri olaraq, hər zaman dövlət başçısının siyasi kursunu dəstəklədiklərini bildiriblər.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv