Xameneinin “B” planı: 95 milyardlıq sərvətlə Moskvaya qaçacaq?
İranda rejimin gələcəyi ilə bağlı ən ciddi siqnallardan biri üzə çıxıb. Britaniyanın nüfuzlu “The Times“ qəzetinin əldə etdiyi kəşfiyyat hesabatı göstərir ki, İranın Ali Dini Lideri Əli Xamenei ölkədə etirazlar nəzarətdən çıxacağı təqdirdə qaçış üçün alternativ “B” planı hazırlayıb.
Yenicag.az xəbər verir ki, 86 yaşlı Xamenei təhlükəsizlik strukturlarının itaətsizlik göstərməsi, vəzifələrini yerinə yetirməməsi və ya üsyan ehtimalı yaranacağı halda İrandan çıxmaq üçün öncədən hazırlanmış qaçış planına malikdir. Bu planın əsas məqsədi Xameneinin və onun ən yaxın çevrəsinin fiziki təhlükəsizliyini təmin etməkdir.
Dar çevrə ilə gizli çıxış
Kəşfiyyat mənbələrinin bildirdiyinə görə, Xamenei Tehrandan maksimum 20 nəfərlik – əsasən ailə üzvləri və yaxın köməkçilərdən ibarət dar bir qrupla çıxmağı nəzərdə tutur. Qaçış planına onun oğlu və potensial varisi sayılan Müctəba Xamenei də daxildir.
Qəzetə danışan mənbə qeyd edib ki, bu plan yalnız fövqəladə vəziyyət üçün hazırlanıb və kütləvi etirazların silahlı strukturlar tərəfindən nəzarət altına alına bilmədiyi anda dərhal aktivləşdirilə bilər.
Moskva əsas istiqamət kimi nəzərdən keçirilir
Uzun illər İsrail kəşfiyyatında çalışmış və İran İslam İnqilabından səkkiz il sonra ölkəni tərk etmiş analitik Beni Sabtinin sözlərinə görə, Xameneinin qaçış üçün əsas seçimi Moskva ola bilər. Onun fikrincə, Xameneinin alternativ sığınacaq variantları olduqca məhduddur.
Sabti bildirir ki, Xamenei Vladimir Putinə xüsusi simpatiya bəsləyir və İranla Rusiya arasında mədəni-siyasi yaxınlıq bu seçimi daha da real edir.
Əsəd ssenarisi nümunə götürülüb
Qaçış planının formalaşdırılmasında Xameneinin müttəfiqi olmuş keçmiş Suriya lideri Bəşşar Əsədin nümunəsinin əsas götürüldüyü bildirilir. Xatırladaq ki, Əsəd 2024-cü ilin dekabrında müxalif qüvvələrin Dəməşqi ələ keçirməsindən əvvəl ailəsi ilə birlikdə Moskvaya qaçmışdı.
Kəşfiyyat mənbəsinin sözlərinə görə, Xameneinin planı təkcə fiziki qaçışı deyil, eyni zamanda xaricdəki maliyyə aktivlərinin, mülklərin və fondların əvvəlcədən toplanmasını və təhlükəsiz şəkildə istifadəsini də əhatə edir.
95 milyard dollarlıq gizli imperiya
Xameneinin maliyyə gücü ilə bağlı detallara da hesabatda xüsusi yer ayrılır. Bildirilir ki, onun nəzarətində olan və bir qismi “Setad” adlı qapalı qurum tərəfindən idarə edilən geniş aktiv şəbəkəsi mövcuddur. Bu qurum yarı-rəsmi xeyriyyə strukturu kimi təqdim edilsə də, maliyyə baxımından tam şəffaf deyil.
“Reuters“ agentliyinin 2013-cü ildə apardığı araşdırmaya görə, Xameneinin nəzarətində olan bu aktivlərin ümumi dəyəri təxminən 95 milyard dollar təşkil edir. Sözügedən vəsaitlərə şirkətlər, torpaq sahələri və daşınmaz əmlaklar daxildir.
Etirazlar genişlənir, narazılıq dərinləşir
Son günlər İranın Qum şəhəri də daxil olmaqla bir çox bölgəsində iqtisadi vəziyyətin kəskin pisləşməsinə qarşı kütləvi etirazlar keçirilib. Aksiyalar qısa müddətdə sosial-iqtisadi tələblərdən siyasi şüarlara keçib.
Etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusu, Bəsic qüvvələri, polis və ordunu aksiyaları real güllə, gözyaşardıcı qaz və su şırnaqları ilə dağıtmaqda ittiham edirlər. Qeyd olunur ki, bu strukturlar birbaşa Xameneinin mütləq nəzarəti altında fəaliyyət göstərir.
Psixoloji portret: paranoya və praqmatizm
Qərb kəşfiyyat qurumlarının hazırladığı psixoloji qiymətləndirməyə görə, Xamenei təhlükəsizlik qüvvələrinin sadiqliyinə xüsusi önəm verir və onların nəzarətdən çıxdığını hiss etdiyi an qaçış planını işə salmaqdan çəkinməyəcək.
Qiymətləndirmədə o, “paranoyaya meyilli, lakin uzunmüddətli strateji düşünən lider” kimi xarakterizə olunur. Eyni zamanda qeyd edilir ki, ötən il İsraillə yaşanan 12 günlük qarşıdurmadan sonra Xameneinin həm fiziki, həm də psixoloji vəziyyəti zəifləyib.
Analitiklərin fikrincə, bütün bu faktorlar İran rəhbərliyinin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır və “B planı”nın mövcudluğu rejimin öz daxilində də ciddi narahatlığın göstəricisidir.
Məsələni Yenicag.az-a şərh edən siyasi şərhçi Aqil Ələsgər hesab edir ki, İranda baş verən proseslər artıq təkcə siyasi böhran deyil, ideoloji idarəetmənin tükənməsi mərhələsinə çatıb. Onun fikrincə, həm İran rəhbərliyində müşahidə olunan qorxu və qaçış ssenariləri, həm də islahatçı fiqurların önə çıxması eyni reallığın iki üzüdür.

Aqil Ələsgər vurğulayır ki, İran cəmiyyəti onilliklərdir ideoloji şüarlar naminə normal həyat hüququndan məhrum edilib:
“İran vətəndaşlarının da hamı kimi rahat, basqısız, qorxu olmadan yaşamaq haqqı var. Sual budur: bir xalqı nə qədər ideologiya ilə məhrumiyyətlərə məhkum etmək olar?”
Onun sözlərinə görə, rejim uzun müddət legitimliyini xalqın rifahı üzərindən yox, qorxu və düşmən obrazları üzərindən qurub. Bu model isə artıq işlək deyil:
“İdeologiya insanın boş qarnını doydurmur, sabah qorxusunu aradan qaldırmır. Xalq bu həqiqəti artıq dərk edib və buna görə də küçələrdədir.”
Aqil Ələsgər hesab edir ki, ali rəhbərlik üçün qaçış planlarının gündəmə gəlməsi rejimin gücündən yox, öz gələcəyinə inamsızlığından xəbər verir:
“Əgər bir rejim öz liderini xilas etməyin yollarını axtarırsa, amma vətəndaş üçün normal, ləyaqətli yaşam modeli təklif edə bilmirsə, problem artıq təhlükəsizlikdə yox, sistemin fəlsəfəsindədir”.
Şərhçiyə görə, təhlükəsizlik strukturlarına arxalanan ideoloji idarəetmə modeli İranı çıxılmaz vəziyyətə salıb. Bu mənzərənin fonunda Aqil Ələsgər Məsud Pezeşkianın önə çıxmasını təsadüfi saymır. Onun fikrincə, Pezeşkian İran cəmiyyətinin dəyişiklik tələbinə cavab verən, yeni dövrün reallıqlarını anlayan islahatçı fiqurdur:
“Pezeşkian radikal şüarların yox, insanın gündəlik ehtiyaclarının fərqində olan siyasətçidir. Bu baxımdan o, köhnə ideoloji ritorikadan yorulmuş cəmiyyət üçün daha inandırıcı görünür”.
Aqil Ələsgər bildirir ki, Pezeşkianın əsas üstünlüyü Qərb–Şərq qarşıdurması üzərindən yox, daxili barış, sosial balans və rifah üzərindən danışmasıdır:
“Bu gün İranın əsas problemi ‘kimə qarşı durmaq’ deyil, “necə yaşamaq”dır. Pezeşkian bunu anlayan və yeni dönəmə uyğun siyasət dili qura bilən nadir fiqurlardandır.”
Aqil Ələsgərin qənaətinə görə, İran tarixi yol ayrıcındadır. Bir tərəfdə ideoloji sərtlik, qorxu və qaçış ssenariləri, digər tərəfdə isə islahat, yumşalma və insan mərkəzli idarəetmə tələbi dayanır:
“Xalq qorxmağı dayandıranda ideologiya da silaha çevrilmir. İran üçün çıxış yolu ideologiyanı insan həyatından üstün tutmaqdan imtina etməkdir. Pezeşkian bu keçidin mümkünlüyünü göstərən simvoldur.”
Şərhçinin fikrincə, İran cəmiyyətində dəyişiklik tələbi artıq geri dönməz xarakter alıb və bu tələbi ya sistem özü dərk edəcək, ya da zaman onu buna məcbur edəcək.
Amir Aqiloğlu












