Reklam

Reklam

Milli Məclisin üzvü Sona Əliyeva doğmalarının gününü göy əskiyə büküb; Bəsirə Əliyeva: “Qızım mandatından istifadə edərək, biznesimizi iflic duruma salıb…”

Yenicag.az musavat.com-a istinadən xəbər verir ki, Şəmkir kənd seçki dairəsindən deputat olan Sona Əliyevanın anası Bəsirə Əliyevanın gözü yaşlı qalıb. Yaşlı qadını ağlar qoyan isə özgəsi deyil, elə özünün qızı, deputat Sona Əliyevadır. Bu ilin fevralında mətbuatda deputatın ailəsində baş verən əmlak davası haqda materiallar dərc olunub. Həmin materialların dərcindən sonra deputat Sona Əliyeva anasına, qardaşlarına qarşı atdığı qanunsuz addımlardan geri çəkilib, yaxınları sakitləşdirə, mətbuatdan gen gəzmələrinə nail ola bilmişdi.

Bunun müqabilində atası Sakit Əliyevin ölümündən 2 gün əvvəl anasından aldatma yolu ilə alınan etibarnamənin məhkəmə qaydasında ləğv edilməsinə mane olmayıb. İndi isə tamamilə əks proses gedir. Deputat yenidən anasına və qardaşlarına qarşı hərəkətə keçib, ailənin yeganə gəlir mənbəyi olan atasından qalma biznesi iflic duruma salıb, əvvəlki iddialarını irəli sürüb. Bu haqda “Yeni Müsavat”a geniş açıqlama verən deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva deyib ki, aylardır şirkətlərinin hesabına köçürülən pulları ala bilmirlər: “Qızım deputat mandatından, əlaqələrindən istifadə edərək bizim işimizi iflic duruma salıb. Hara gediriksə, kimə müraciət ediriksə, deyirlər ki, Sona deməsə, icazə verməsə biz heç bir sənəd işini görən deyilik. Dərdimizi kimə deyək, bilmirik”.

Ananın sözlərinə görə, qızı onu dəlixanaya saldıracağı ilə hədələyir: “Qardaşlarını da işdən çıxartdırmaqla, həbslə hədələyir. İstəyi odur ki, yoldaşımdan qalan əmlaka dair paylarımızdan onun xeyrinə imtina edək. Məni həyat yoldaşımın sağlıq durumu ağır olan gün – 2017-ci il dekabrın 12-də Şəmkirdəki evimizdən aldadıb Gəncədəki ASAN xidmət mərkəzinə apardı. Dedi ki, onsuz da atam öləcək, əmlakını adına keçirirəm. Mən də 10 sinif bitirmiş qadınam, nə bilim ki, yoldaşım dünyasını dəyişəndən sonra onun adına olan əmlak avtomatik adıma keçəcəkdi. Bilməzliyimdən istifadə etdi, mənim də, həyat yoldaşımın da payını öz adına keçirdi”.

Deputat Sona Əliyeva

B.Əliyevanın iş üzrə redaksiyamıza təqdim etdiyi sənədlərin arasında Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin qətnaməsi də var. Məhkəmə sənədlərinə nəzər saldıqda, Sona Əliyevanın atası Sakit Əliyev ölüm ayağında olanda onun əmlakını mənimsəmək üçün hərəkətə keçdiyi aydın olur. Hakim Yaşar Həşimovun sədrliyi ilə bu il fevralın 19-da çıxarılan qətnamə üzrə iddiaçı deputatın anası Bəsirə Əliyeva, cavabdeh isə qızı Sona Əliyeva olub. B.Əliyeva qızına və Gəncə “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı qaldırdığı iddiada bağışlama müqaviləsinin etibarsız hesab olunmasını tələb edib. Məhkəmə araşdırmasında məlum olub ki, deputatın atası dünyasını dəyişməzdən 2 gün əvvəl, 2017-ci il 12 dekabrda deputat anasını Gəncə ASAN Xidmət mərkəzinə aparıb. Xidmətin notariat kontorunda atasının 1994-cü ildə qurduğu “Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalında olan paylar barəsində bağlışlama müqaviləsi bağlanıb. Həmin müqaviləyə görə şirkətin 75 faizi deputatın adına rəsmiləşib.

Məhkəmə qətnaməsində yazılır: “İddiaçı Bəsirə Əliyeva iddiasını onunla əsaslandırmışdır ki, AR Ədliyyə Nazirliyi tərəfindən 20.10.1994-cü il tarixli 17877 dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış ”Murovdağ” kiçik müəssisəsinin təsisçiləri o, oğlu Adil Sakit oğlu Əliyev, mərhum əri Sakit Səttar oğlu Əliyev və cavabdeh qızı Sona Sakit qızı Əliyeva olub. Əri Sakit Əliyev 2017-ci ilin sonlarında ağır xəstəliyə tutulub, 10 dekabr 2017-ci ildə komaya düşüb. Həkimlər onun ömrünün sonuna bir neçə gün qaldığını bildirib və 2 gün sonra əri vəfat edib. Ərinə diaqnoz qoyulduğu gündən o, demək olar ki, ağır psixoloji durumda olub. Ərinin ömrünün son günlərində bütün qohum-əqrəbaları onların evinə əri ilə vidalaşmağa gəliblər. 12.12.2017-ci il tarixdə axşamüstü, yəni saat 16:30 radələrində qızı Sona Əliyeva onu evdə bir kənara çəkərək “nə durmusan, ərin bu gün – sabah öləcək, onun bütün əmlakını isə oğlanların adlarına keçirəcək, gəl tez gedək notariat kontoruna onun bütün əmlakını sənin adına keçirək” deyib.

O, etiraz etmək istəsə də, Sona Əliyeva onun sözlərinə məhəl qoymayıb, ona “sonra gec olacaq, ərinin bütün əmlakı əlindən çıxacaq, oğlanların hamısına yiyələnəcək” və bu kimi sözlər deyərək onu evdən çıxarmağa nail olub…

Məhkəmə qətnaməsindən aydın olur ki, Bəsirə Əliyeva həyat yoldaşı vəfat edəndən sonra notariat kontorunda ona hansı sənədin imzalatdırılması ilə maraqlanıb. Öyrənib ki, əmlak onun adına deyil, qızı S.Əliyevanın adına keçirilib. Üstəlik özünün payı da əldən gedib.

Qətnamədən sitat: “Sonradan notariat kontoruna müraciət edib notariat işi ilə tanış olarkən ona məlum olub ki, qızı Sona Əliyeva öz adına verilmiş etibarnamə ilə səlahiyyətləri ona verməyib, öz payını və ərinin payını ona bağışlayıb. Həqiqətdə isə ona yalnız adına verilmiş etibarnamə göstərilmiş və o, əmlakın ona verilməsini zənn edərək sənədlərə imza atmışdır. Ona izah olunmamışdır ki, əslində o, öz payını və ərinin payını qızı Sona Əliyevaya bağışlayır. Əslində onun və mərhum ərinin heç vaxt belə bir fikirləri olmayıb. Əgər ərinin sağlığında belə bir fikri olsaydı qızı Sona Əliyevaya etibarnamə ilə elə birbaşa öz adından bağışlama müqaviləsi bağlayardı. Göründüyü kimi cavabdeh Sona Əliyeva onun düşdüyü durumdan və ərinin ölməsindən istifadə edib onu aldadaraq notariat kontoruna aparmış və nizamnamədəki paylarını öz adına keçirib. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda ”Murovdağ” kiçik müəssisəsindəki nizamnamə kapitalında olan paylar barəsində bağlanmış 12 dekabr 2017-ci bağışlanma müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edib”.

IMG_20180414_114151.jpg (169 KB)

Deputat S.Əliyeva məhkəmədə iştirak etməyib. O, məhkəməyə notarial qaydada təsdiqlənmiş ərizə ünvanlayıb. Deputat xanım anasının ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasını etiraf edib.

Məhkəmə qətnaməsindən sitat: “Cavabdeh Sona Əliyevanın notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, iddiaçı Bəsirə Əliyevanın ona qarşı qaldırdığı bağışlama müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddiasını etiraf edir. Gəncə ASAN xidmət mərkəzinin notariat kontorunda 12.12.2017-ci il tarixdə bağlanmış nizamnamə kapitalının bağışlama müqaviləsinin ləğv olunmasına heç bir etirazı yoxdur və bu payların ilkin vəziyyətə qaytarılmasını xahiş edib. Bəsirə Əliyeva ilə Sona Əliyeva arasında Gəncə ASAN Xidmət mərkəzinin notariat kontorunda bağlanmış ”Murovdağ” kiçik müəssisəsinin nizamnamə kapitalındakı payların bağışlanması haqda 12.12.2017-ci il tarixli müqavilə etibarsız hesab olunub və nizamnamə kapitalındakı paylar əvvəlki vəziyyətinə qaytarılıb”.

Deputat S.Əliyeva qətnamədən şikayət verməyib. Amma hazırda da ailə müəssisələrinin işləməsinə imkan vermir. Anası bildirir ki, qızının hərəkətləri onun sağlıq durumuna çox ağır təsir edir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2065
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."