Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
“Azərbaycan polisi, bəlkə də, baş verə biləcək çox ağır faciənin qarşısını aldı”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət vəkili dünən erməni əsilli Karen Avanesyanın Xankəndi şəhərində təxribat törətməyə cəhd edərkən saxlanılmasını şərh edib.
Onun sözlərinə görə, dünənki təxribata cəhd hadisəsi bizi bir daha düşünməyə vadar edir:
“Göründüyü kimi, təxribat törətmək istəyən həmin erməni əsilli şəxs 1 il bundan öncə verdiyi müsahibəsində tamamilə fərqli fikirlər səsləndirirdi və onun səmimiyyətinə inansaq, bu adamın təxribat törədə biləcəyini heç kim ağlına gətirə bilməzdi, ancaq həqiqət fərqlidir. Video görüntülərdən də biz bu fikri əminliklə deyə bilərik ki, bu şəxsin təxribat törətməsi və Silahlı Qüvvələrimiz və Azərbaycan polisinin şücaəti nəticəsində bu təxribatın qarşısını almaq mümkün olub”.
“Biz bir daha əmin olduq ki, Azərbaycan Silahlı Qüvvələri, DTX, Daxili İşlər Nazirliyi fərdləri, Daxili Qoşunlarımız ayıq sayıqdırlar və onlar mümkün təxribatların və xoşagəlməz halların qarşısını almaq iqtidarındadırlar və bunu əməllərində də dəfələrlə sübut ediblər. Sonuncu hadisənin qarşısını almaqla onlar böyük bir faciənin də qarşısını almış oldular. Biz unutmamalıyıq ki, təxribata meylli, risk qrupuna aid olan bu cür insanları daim nəzarət altında saxlamalıyıq. Xüsusilə də erməni əsilli vətəndaş tərəfindən belə təxribatın həyata keçirilməsi onu deməyə imkan verir ki, ayıq-sayıq olmaq lazımdır”, – deyə o, əlavə edib.
Deputat təxribat törədən şəxsin ermənilər tərəfindən yönləndirilməsi ehtimalının da mümkün olduğunu qeyd edib:
“Düşünürəm ki, bu şəxsin müəyyən dərəcədə psixi problemi olub və ya hər hansı yollasa erməni terror təşkilatları onunla əlaqəyə girə, onu yönləndirə bilərlər. Bəlkə də, elə bu uzunmüddətli planın tərkib hissəsi olub. Bunu da bizim Silahlı Qüvvələrimiz, xüsusilə də istintaq qrupu araşdıracaq, suallara cavab tapacaq. Əsas odur ki, təxribatın qarşısı alındı. Hər bir Azərbaycan vətəndaşı belə proseslərdə aidiyyəti orqanlara kömək etməlidir. Biz bu cür xoşagəlməz hadisələr gördükdə və ya şübhəli məqamlarla rastlaşdıqda, mütləq aidiyyəti qurumları məlumatlandırmalıyıq. Qarabağda dinc həyat bərpa olunur. Xüsusilə də o ərazilərdə belə bir təxribatın törədilməsi kimlərinsə işinə yaraya bilərdi. Ona görə də biz sülhə kölgə salmaq istəyən və sülh prosesini ləngitmək istəyən istənilən qüvvələrə qarşı mübarizəni gücləndirməliyik və təxribatların qarşısını öncədən almağımızla daha böyük faciələrin qarşısını ala bilərik”.
N. Həmzəyev təxribatların qarşısını alan hüquq mühafizə orqanlarına təşəkkür edərək cinayətkarın layiq olduğu cəzanı alacağına şübhə etmədiyini bildirib:
“Fürsətdən istifadə edib bu təxribatın qarşısını alan bütün Silahlı Qüvvələrin üzvlərini, Azərbaycan polisini və xüsusi xidmət orqanlarında çalışan həmvətənlərimizi təbrik edirəm, onlara dərin təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, belə ağır nəticələnə biləcək bir faciənin qarşısını aldılar və biz inanırıq ki, bundan sonra da bu cür təxribatların qarşısı məharətlə alınacaq və dinc həyata kölgə salmaq istəyən istənilən şəxs kimliyindən asılı olmadan zərərsizləşdiriləcək, onlara qarşı Azərbaycan Qanunvericiliyinə müvafiq formada tədbir görüləcəkdir”.
Nurlan Cəfəri