Xaos içindəki SUPERGÜC – “Vaşinqton bataqlığı”nda NƏ BAŞ VERİR?

media-hightechnic-468x90

“ABŞ daxilində nə qədər ziddiyyətlər, xaotik situasiyalar olsa da, ölkənin dünyanın super gücü kimi mövqeyi məsələsində bütün siyasi dairələr eyni mövqedədir. Yəni yanaşmalarda fərqlilik olsa da, əsas hədəf dəyişməzdir: Amerika güclü super güc, dünyanın hegemon və qlobal jandarm dövləti olaraq qalmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

O, son günlər ABŞ-nin daxilində baş verən proseslər, o cümlədən Tramp hakimiyyətinə qarşı başladılan təzyiqlərin pərdəarxası məqamlarına toxunub.

Müsahibimizin fikrincə, bu istiqamətdə üsul və yanaşmalarda fərqlər mövcuddur:

“Bu ziddiyyətlər Bayden hakimiyyəti dövründə də, ondan öncə Trampın Prezidentliyinin ilk illərində də açıq şəkildə özünü göstərirdi. Son 10-15 ildə bu proseslər daha da kəskinləşib. ABŞ-nin iqtisadi, sosial və siyasi həyatında uzun illər davam edən problemlər var. Trampın hakimiyyətə gəlişi ilə bu gərginliklər daha da sürətləndi. Onun qlobalistlərə qarşı sərt hücumları, dövlət aparatının ixtisarı, büdcə siyasətində məmur təbəqəsini zəiflətmək cəhdləri ciddi müqavimətlə qarşılandı. Trampın seçici bazası, əsasən, xristianlar olsa da, onun evangelist və yəhudi lobbilərinə söykənməsi, digər katolik və protestant dairələrin isə bu siyasəti qəbul etməməsi daxildə xaosu daha da gücləndirdi”.

Onun sözlərinə görə, son hadisələr də göstərir ki, ABŞ cəmiyyətində qarşıdurma dərinləşir:

“Trampın yaxın tərəfdarı Çarli Kirkin öldürülməsi, radikal solçu ANTIFA qruplaşmasının ittiham olunması, hətta Trampın onları terror təşkilatı kimi tanıya biləcəyini bəyan etməsi gərginliyi artırıb. Ukraynalı qaçqın İrina Zarutskayanın öldürülməsi də ölkə daxilində kəskin rezonans doğurdu. Trampa yaxınlığı ilə tanınan “Fox News” kanalında aparıcının evsizlər və ruhi xəstələrin “yüngül ölüm” ilə aradan qaldırılması barədə verdiyi şok açıqlama isə cəmiyyətdə dərin narazılıq yaradıb”.

M. Bünyadlının qənaətinə görə, bütün bunlar göstərir ki, ABŞ-də daxili siyasi mübarizə Tramp tərəfdarları ilə qlobalist qüvvələr arasında getdikcə şiddətlənir:

“Burada həm də yəhudi lobbisinə dəstək məsələsi ciddi faktor kimi çıxış edir. Katolik və protestant dairələrin Trampın İsrail siyasətini qəbul etməməsi də ziddiyyətlərin kökündə duran səbəblərdəndir. Digər tərəfdən, ərəb lobbiləri, Rusiya, İran və Çin kimi dövlətlərin təsir dairəsində olan qüvvələr də bu qarşıdurmaya öz çəkilərini salır. Hazırda hadisələrin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Dünya iqtisadiyyatında, qlobal maliyyə sistemində baş verən proseslər ABŞ-nin daxili siyasətinə birbaşa təsir göstərməkdədir. Amma aydındır ki, qarşıdakı dövrdə daxildəki siyasi savaş daha da güclənəcək, yeni seçkilər öncəsi gərginlik ən yüksək həddə çatacaq. ABŞ-nin daxili siyasətindəki bu qarşıdurma bir müddət də davam edəcək və nəticələri dünya miqyasında hiss olunacaq”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa