“Quska” ləqəbi ilə tanınan iş adamı-bəstəkar-siyasətçi və nəhayət, mühacir Hüseyn Abdullayevin Bakıya əliqandallı gətirilməsi ilə daha bir “təhdid ocağı” söndürüldü.
Ötən şənbə günü hökumətin tərkibinin təsdiqlənməsi xəbəri ətrafında müzakirələrin qızğın vaxtında cəmiyyət daha bir sürpriz xəbərlə üzləşdi.
2007-ci ildən etibarən, Almaniyada mühacir həyatı yaşayan sabiq deputat (2005-06-cı illər), publikada “Quska” kimi məşhurlaşan Hüseyn Abdullayev Türkiyədə həbs edilərək Bakıya gətirilib.
İlkin məlumata görə, Daxili İşlər Nazirliyinin xətti ilə ilə həbs edilən “Quska” vergi cinayətlərində ittiham olunur. Ancaq böyük ehtimalla, istintaqın gedişində “Quska”ya qarşı yeni ittihamlar da irəli sürüləcək.
Siyasi fikirləri ilə zaman-zaman gündəmə gələn, bəzi media orqanlarında tribuna əldə edən “Quska” 2018-ci il prezident seçkilərində iştirak niyyəti ilə də diqqət mərkəzinə düşmüşdü.
O, qanunvericiliyin məhdudlaşdırıcı müddəasını görməzdən gələrək, “marafon” qatılacağını, hətta qalib gələcəyini 100 faizli məsələ kimi təqdim etməyə çalışırdı. Ancaq seçkilərin növbədənkənar rejimə salınması ilə “Quska” da reallıqla barışmalı oldu.
11 ilə yaxın müddətdə Almaniyada məskunlaşan “Quska” digər müxalif mühacirlər kimi hakimiyyət əleyhinə sərt ritorikası ilə seçilib. Verdiyi açıqlamalarda yer alan bəzi ifadələrlə isə dəfələrlə “qırmızı xətt”i keçib.
“Quska” personası neqativ planda olsa da, hər zaman medianın diqqət mərkəzində olub. 1993-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra iqtidarla yaxınlaşan “iş adamı” daha çox saxladığı çoxminlik qoçu dəstələri ilə müxalifətin aksiyalarına divan tutmaqla tanınıb.
Təbii ki, o illərdə əldə etdiyi qeyri-rəsmi imtiyazlar sayəsində biznesini də genişləndirməyə nail olan “Quska” özünü “Dövlət içində dövlət” sayır, hakimiyyətin əsas dayağı sanırdı.
“Quska”nın hakimi-mütəqliyi 2006-cı ilin payızına – Fızail Ağamalı ilə məlum insidentə qədər davm edib. Həbs olunaraq, deputat mandatından məhrum edilən “Quska” 2007-ci ildə azadlığa buraxıldıqdan az sonra Amaniyaya üz tutdu. Ötən gün Bakıya əliqandallı gətirilməsi odioz “iş adamı”nın həzin sonu oldu.
Azərbaycandakı məlum xaotik dönəmin dalğasında özünə mövqe qazanan “iş adamları”nın sırası, əlbəttə, “Quska” ilə məhdudlaşmır. Eyni dövrdə “ulduz”ları onunla yanaşı , AMAY ticarət mərkəzinin rəhbəri, “AMAY Abdulla” kimi tanınan Abdulla Abdullayevi, uzun müddət Sədərək gömrük-keçid məntəqəsinin “şef”i olmuş “Laba” ləqəbli Mübariz Pənahovu və başqalarını da göstərmək olar.
“AMAY Abdulla” da “Quska”dan örnək alaraq, müxalifətin aksiyalarına divan tutulmasında iştirak edib. Əl atdığı saysız-hesabsız maxinasiyalara görə həbs olunan “AMAY Abdulla”nın məhkəmədə özündən “mələksima obraz” yaratmaq cəhdi isə sadəcə, ikrah doğururdu. Vaxtilə, “qılıncının qəbzəsi də kəsən” “AMAY Abdulla” hazırda bir daha həbs olunmamaq üçün səssizliyini qoruyur.
Bir zamanlar mərhum prezident Heydər Əliyevin cangüdəni olan, daha sonra Sədərək gömrük-keçid məntəqəsinin başına gətirilən “Laba” (Mübariz Pənahov) qısa müddətdə özünü reket kimi göstərməyi bacardı. 2003-cü ildən sonra rəqiblərindən ardıcıl zərbələr alan “Laba” vəzifəsini də, biznesini də itirməli oldu. Məlumata görə, əvvəlki ambisiyası qalmayan müdiri Mübariz Pənahovun hazırda SOCAR-da çalışdığı bildirilir.
Maraqlıdır ki, ötən əsrin 90-cı illərində kriminal xarakterli “iş adamları”nın yüksəlişi postsovet ölkələri və regionun digər ölkələri üçün xarakterik proses olub.
Rusiyada Qərbin və dünya yəhudiliyinin dəstəyi ilə Boris Berezovski, Mixail Xodorkovski, Platon Lebedev və digərlərinin həm biznesdə, həm də siyasətdı güclü mövqe tutduqlarını qeyd edə bilərik.
Vladimir Putinin hakimiyyətə gəlişindən sonra kriminal oliqarxlara qarşı başlanılan savaş Berezovski ilə Xodorkovskinin tam məhvi, digərlərinin isə neytralllaşdırılması ilə nəticələndi.
Bəhs olunan tendensiya Türkiyədən də yan keçməyib. Qardaş ölkədə kriminal çevrələrin siyasətdə birbaşa iştiraklarına imkan verilməsə də, kriminal elementli “iş dünyası”ndan siyasətə sıçrayış cəhdlərinə dair faktlar var.
Bu sırada Türkiyənin qüdrətli ailələrindən biri olan Uzanların nümayəndəsi Cem Uzanı göstərə bilərik. 2000-ci illərdə Gənc Parti yaradaraq, siyasətə atılan Uzan başından yüksəyə tullana bilmədi. Daha sonra qanunsuz əməllərinə görə cavabdehlikdən yayınmaq istəyən Cemin səsi uzun müddətdir, Fransadan gəlir. Deyilənə görə, Uzan Fransa hakimiyyətinin birbaşa himayəsi altındadır.
Göründüyü kimi, ölkələr fərqli olsa da, oraqdakı kriminal oliqarxiyanın aqibəti bu və ya başqa dərəcədə eyni sonluqla bitir.
Yəni hayla gələnlərin vayla getmələri ən təbii və gözlənilən sonluqdur.
Bunu son olaraq, “Quska”nın timsalında gördük…
“Yeni Çağ” Araşdırma Qrupu