Azərbaycanda bu il iyul-avqust aylarında quraqlığın müşahidə ediləcəyi gözlənilir.
Yenicag.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, iyulun 20-dən avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir.
M.Həsənov əlavə edib ki, belə quraq illər Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib. Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən bir müşahidə edilir. Yay aylarında cənub hava kütlələrinin – həm tropik siklonların, həm Şimali Afrikada – Ərəbistan üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.
Direktor müavini bildirib ki, adətən, yay aylarında Azərbaycan ərazisində yağıntının az düşməsi müşahidə edilir. Bu il isə yağıntıların daha da az olacağı gözlənilir. Bununla yanaşı, qlobal iqlim dəyişmələri fonunda Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə edilir ki, bu da bir tərəfdən quraqlıqların daha çox olacağını şərtləndirir:
“Əgər havanın sutkalıq temperaturu normadan 4-5 dərəcə yüksək olursa, isti külək əsirsə, havanın nisbi rütubəti 30 faiz və daha aşağı olursa, onda belə hava şəraiti quraq adlanır. Quraqlıqların yaranmasının əsas səbəbi iqlim amilləri, xüsusilə temperaturun yüksəlməsidir. Azərbaycanda son 30 ildə – təxminən 1990-cı ildən indiyədək havanın orta illik temperaturu çoxillik iqlim normasına nisbətən 0,6,-15, dərəcə yüksəlib”.
M.Həsənov qeyd edib ki, Azərbaycanın ən quraq ərazisi olan Kür-Araz ovalığındakı Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Ucar, Biləsuvar və s. rayonlar ölkəmizin əsas kənd təsərrüfatı rayonlarıdır.
Alim hesab edir ki, bu rayonlarda quraqlıq müahidə edilərsə və su ehtiyatları azalarsa, bu, kənd təsərrüfatına mənfi təsir göstərəcək: “Yay aylarında bitkilərin vegetasiyasının daha sürətlə getdiyi bir dövrdə quraqlığın olması kənd təsərrüfatına öz mənfi təsirini göstərəcək. Təbii ki, bu, təbiət hadisəsi olduğundan ona qarşı qabaqlayıcı effektli tədbirlər görmək mümkün deyil.
www.yenicag.az