XƏBƏRDARLIQ: Dünya qlobal tənəzzülə və uzunmüddətli böhrana sürüklənir

Cari pul siyasəti dünyanı, xüsusən də inkişaf etməkdə olan ölkələri tənəzzülə sürükləyə bilər.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı xəbərdarlıq edib.

BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) açıqladığı 2022-ci il Ticarət və İnkişaf hesabatında bu ilki qlobal artım rəqəmləri qiymətləndirilib və gələcəyə dair proqnozlar paylaşılıb.

Hesabatda qlobal artımın 2022-ci ilin sonuna doğru 2,5 faiz olacağı proqnozlaşdırıldığı halda, 2023-cü ildə bu nisbətin 2,2 faizə enəcəyi təxmin edilir. Hesabatda inkişaf etmiş ölkələrdə qəfil faiz artımı və fiskal sərtləşdirmə praktikalarının COVID-19 epidemiyası və Ukrayna-Rusiya müharibəsinin təsiri ilə qlobal iqtisadi yavaşlamanı reqressiyaya çevirdiyi, bu vəziyyətin aşağı və yüksək səviyyəli iqtisadi artım üçün təhlükə yaratdığı qeyd edilib.

Bildirilib ki, ABŞ-də bu il uçot dərəcəsinin artırılması inkişaf etməkdə olan ölkələrdə ümumilikdə 360 milyard dollar gəlir itkisinə səbəb olacaq. 90 inkişaf etməkdə olan ölkənin milli valyutası faiz artımı səbəbindən bu il dollar qarşısında 10 faizdən çox dəyər itirib.

BMT-nin Cenevrə ofisində hesabatla bağlı mətbuat konfransında danışan UNCTAD-ın baş katibi Rebeca Qrinspan qeyd edib ki, inkişaf etmiş ölkələrdəki pul siyasətləri və maliyyə təcrübələri 2008 və 2020-ci illərdə COVID-19 şokundan daha pis zərərə səbəb olub. Nəticədə dünya qlobal tənəzzülə və uzunmüddətli böhrana sürüklənir.

Gözlənilən qlobal tənəzzülün qarşısını almaq üçün hələ vaxt olduğunu qeyd edən Qrinspan inkişaf etmiş ölkələri maliyyə siyasətlərini buna uyğun yenidən təşkil etməyə çağırıb.

Gülşən

COP29