Xəstəlik adı ilə qaçan ermənilər: “Bu, separatçı rejimin sonunun göstəricisidir” – ŞƏRH

“Vardanyan və digərlərinin təsiri altına düşmək istəməyən ermənilər müxtəlif yollarla ərazidən qaçmağa, öz vəsaitlərini xilas etməyə çalışır”.

Bunu ermənilərin çoxunun Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəçiliyi ilə xəstəlik diaqnozu alaraq qaçmalarının səbəbini şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, ermənilər Ruben Vardanyan və onun kimi separatçı rəhbərlərin Azərbaycanın haqlı tələbləri qarşısında artıq tab gətirə bilmədiyini anlayır:

“Azərbaycan Republikası vətəndaşlığını qəbul edənlər sərhədlərimiz daxilində yaşaya bilər, yaşamaq istəməyənlər isə ərazimizi tərk etməlidir. Prezident İlham Əliyev bunu dəfələrlə vurulayıb. Prezidentin bəyanatından sonra separatçı rejimin fəaliyyətinin uzun müddət davam edəcəyini düşünmürəm.

Yaz aylarında Azərbaycanın həmin ərazilərdə genişmiqyaslı fəaliyyətə başlayacağı şübhəsizdir. Güc strukturlarımızın geniş fəaliyyəti separatçı rejimin nümayəndələrinə baha başa gələcək. Məhz bu baxımdan Ruben Vardanyan və digərlərinin təsiri altına düşmək istəməyən ermənilər müxtəlif yollarla ərazidən qaçmağa, öz vəsaitlərini xilas etməyə çalışır.

Bu tendensiyanı daha əvvəl qeyd etmişdim. Ermənilərin çoxu yaşadıqları ərazini xəstəlik adı ilə tərk edir. Bu, artıq Azərbaycanın verdiyi bəyanatların separatçı rejimin sonunu gətirdiyinin göstəricisidir”.

Nəsimi Ələsgərli