Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi Pol Riçard Qalaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, tərəflər Azərbaycanla Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə ediblər. 24-27 sentyabr 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci ilin may ayının 22-də və Papa Fransiskin 2016-cı il oktyabr ayının 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olunub.
Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən nazir E. Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırıb. Bu xüsusda ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb. Ölkəmizdə olmasından məmnunluğunu bildirən P. Qalaqer Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib, Azərbaycanda katolik icmasına göstərilə dəstək və qayğıya görə öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlıq səviyyəsini və digər dini icmalara hörməti yüksək qiymətləndirib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən E. Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən konfransda iştirakını təqdirəlayiq hal kimi qiymətləndirib.
Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən tərəflər bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsində Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd ediblər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası məsələsi yüksək qiymətləndirilib. Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda qiymətli sənədlərin mövcud olduğunu xatırladan E. Məmmədyarov sözügedən yazıların üzrə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana dərin təşəkkürünü bildirib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş əsnasında nazir E. Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verib. Habelə, Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunan nazir bildirib ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırıb. Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edilib. Həmçinin, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
www.yenicag.az