XİN-dən Ukrayna səfirinin xəyanət ittihamına cavab
“Azərbaycan tərəfindən beynəlxalq hüquq və BMT Nizamnaməsi əsasında Ukraynanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşılır. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zor yolu ilə dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.
Bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenkonun söylədiyi fikirlərlə əlaqədar açıqlamasında bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikası tərəfindən BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində “Ukraynanın ərazi bütövlüyü” adlı 68/268 saylı 2014-cü il 27 mart tarixli qətnamə dəstəklənib.
Avropa Şurası Parlament Assambleyasının 2015-ci il yanvarın 26-30-da keçirilmiş sessiyasında Rusiya Federasiyası nümayəndə heyəti ilə əlaqədar olan məsələyə gəldikdə isə Azərbaycan Respublikasının xarici işlər naziri Avropa Şurası Nazirlər Komitəsinin sədri statusunda AŞPA-da etdiyi çıxışlarında və Nazirlər Komitəsinin iclaslarında Azərbaycanın Avropa Şurasında ikili standartlar və üzv dövlətlərə qarşı seçimli yanaşmanın tətbiq edilməsinin əleyhinə olduğunu bildirib.
Eyni zamanda Avropa Şurasının əsaslandığı dəyərlər və beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistana qarşı sanksiyaların tətbiq olunması barədə dəfələrlə məsələ qaldırıb. Bu kimi məsələlərdə Avropa Şurası beynəlxalq hüququn aliliyi prinsipi əsasında vahid yanaşmadan çıxış etməlidir.
* * *
“Mən nə edim, çıxım deyim ki, Bakıda senzuraya məruz qalıram? Deyim ki, Bakıda senzura tətbiq edənlər ölkədə senzuranın olmadığını deyirlər?
Harasa çıxış etməyə gedəndə mənə dərhal zəng vurub Rusiyanı tənqid etməməyimi xahiş edirlər. Ölkəsi Rusiyanın təcavüzünə məruz qalan bir ölkənin səfiri bəs nə danışmalıdır?”
Bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. Diplomat bu fikirlərini politoloq Elxan Şahinoğlunun “Maydandan Maydana” əsərinin təqdimat mərasimindəki çıxışında səsləndirib.
A.Mişşenko çıxışı zamanı əsas diqqətini Rusiyanın işğalçı siyasəti üzərində cəmləyib. Səfir həmçinin bu yaxınlarda AŞ PA-da keçirilmiş müzakirələrə və onun nəticəsində Rusiyanın səsvermə hüququndan mərhrum edilməsinə toxunub.
A.Mişşenko Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı həmin müzakirələr zamanı tutduğu mövqedən təəssüfləndiyini gizlətməyib.
“Azərbaycan Ermənistanla birgə AŞ PA-da Rusiyanı dəstəklədi. Niyə? Özü də erməni deputatları heç səsvermədə də iştirak etmədilər, yəni daha diplomatik davrandılar. Azərbaycan həmişə ikili standartlardan şikayətlənir. Ədalət Azərbaycanın tərəfindədir. Bəs Ukraynanın günahı nədir? Yaxşı, onda gəl belə edək, AŞ PA-nın növbəti iclasında qoy Ukrayna da Azərbaycanın əleyhinə səs versin. Sonra da siz yenidən bizi dəstəkləməyin. Hə, nə olsun? Bu yol bizi heç yerə aparmır” – deyə səfir A.Mişşenko bildirib.
Ukraynalı diplomat deyib ki, o, həmişə iki ölkənin səylərini beynəlxalq aləmdə birləşdirməyə çağırıb: “Mən razıyam, Ukrayna Azərbaycanın problemlərinə kifayət qədər diqqət göstərməyib. Diplomatam, bunu başa düşürəm. Amma gəlin televiziya xəbərlərində Azərbaycanın Rusiyanı dəstəklədiyini eşidən sadə ukraynalının vəziyyətini düşünək. Məni yalnız o sakitləşdirir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü təsdiqləyən istənilən qətnaməni dəstəkləyir. İndi müxtəlif nağıllar danışırlar ki, bəs, diskussiya üçün də meydança qalmalıdır və s. Yaxşı, onda gəl biz də Dağlıq Qarabağ ətrafındakı 7 rayonu unudaq. Belə olarmı? Yox, biz belə demərik”.
A.Mişşenko bildirib ki, rəsmi Bakının üzləşdiyi riskləri də anlayır: “Amma AŞ PA-da Ukrayna əleyhinə səs verməyin Azərbaycana nəyi qazandıracağı mənə bəlli deyil. İndi mən rəsmi Kiyevi inandırmalıyam ki, buna əsaslar və səbəblər olub? Bakıda mənə deyilənlərin hamısını danışmalıyam? Ukraynaya sadəcə bir çadırla kömək edin. Gürcüstan kömək edir, Litva kömək edir. Bizə milyardlar lazım deyil…”(azərtac).