Səhərin gözü açılmamış köşəni yazmağıma səbəb hər il olduğu kimi, bu il də Bilik Günündə şəhərin iflic düşməsi məsələsidir. Onsuz da Bakı ilin 365 günü tıxacdan əziyyət çəkən bir şəhərdir. Hər nə qədər bu barədə yazılsa da, aidiyyəti qurumlarımız ağzına su alıb oturaraq, sanki tənqidlərin bunların ünvanına deyilmədiyini göstərməyə çalışır.
Nə isə, keçək əsas məsələyə. İndi deyəcəyəm, sonra adamı topa tutacaqsınız, amma yeganə ölkə Azərbaycandır ki, uşaq I sinfə gedəndə bir “tolpa” qohum-əqrəbası da onun dalına məktəbə yollanırlar. Hətta bəziləri bu məsələnin zayını çıxarıb, xonça, filan da hazırladır. Ay qurban olum, camaat nişan aparanda belə dəm-dəstgah qurmur, bu nədir axı?
Hələ bu harasıdır? Bir az imkanlı ailələrin qapısından azı 5 maşın çıxır ki, uşağı məktəbə aparsınlar. Əllərində bahalı “Canon” fotoaparatları ilə uşaq partaya oturana qədər hər saniyəsini çəkirlər. Bu qədər “cuşka”lıq, bu qədər mənasızlıq axı nəyə lazımdır? Hətta bəzilərinin əlacı olsa, maşını düz sinif otağına qədər sürər.
Azərbaycanda Bilik Günü ildən-ilə “xınayaxdı” və nişan mərasimlərinə bənzəyir. Fıstıq boyda uşaqlar bir özləri qədər çantaları bellərində xonçaların, iri buketlərin içində it-bat olur, dronlar havada uçuşur, it-yiyəsini tanımır. Vallah, burada ələm yesirinə dönən uşaqlara o qədər yazığım gəlir ki, gəl görəsən…
Mən düz 20 il bundan öncə – 2004-cü ildə birinci sinfə gedəndə rəhmətlik anam səhər əynimi geyindirmiş, atamın əlindən tutaraq sakitcə məktəbə yollanmışdım. Nə əmim, nə dayım, nə xalam, nə bibim, nə də hər hansı bir qohumum həmin gün gəlmişdi. Axı niyə də gəlsin?! Onsuz da bizim dövrün uşaqları sovetdən qalma travmalı müəllimlərinin ələyindən keçib gələn uşaqlardır. Biz “konslager”ə oxşayan soyuq sinif otaqlarında, ölüvay 1 sobanın istisində dərs keçəndə belə indiki uşaqlar qədər əziyyət görməmişik. İndi necədir bəs? Uşaq məktəbə başlayanda nəsil-nəcabətindəki adamlardan tutmuş, “eşşəyinin qurd dayısı”na qədər hamısı gəlir məktəb qapısının kandarını kəsdirir. Nəticədə də tıxac, insan sıxlığı və iflic olmuş şəhər.
Yaxşı, biz cəhənnəmə, o uşağa damı heç yazığınız gəlmir? 5 dəfə uşağı eyni qapıdan içəri soxub şəklini çəkəndə nə dəyişir? Xonçalarla məktəbə gələndə ağlınız artır? Onsuz da o uşaq oxuduğu müddətcə müəllimin ad günündən tutmuş, 8 Marta qədər, “fond pulu”ndan tutmuş, hər cür mənasız pul yığımlarına qədər sizi soyub-soğana çevirəcəklər. Kimə özümüzü göstəririk? Kiminlə bəhsə giririk? Axı gözü çıxan qardaş göz qabağındadır…
www.yenicag.az