Xırdalanda yeni məktəb
Abşeron rayonunun Xırdalan şəhərindəki 4 nömrəli tam orta məktəbin əlavə korpusu istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər Azərbaycanda təhsilin və elmin inkişafına yüksək səviyyədə dövlət qayğısı göstərildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu sahələrin tərəqqisi isə öz növbəsində ölkəmizin sürətli inkişafına töhfəsini verir. Azərbaycan dövlətinin reallaşdırdığı siyasətin əsasında duran prioritetlərdən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.
Bildirilib ki, təhsilin yeni mərhələyə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır. Vurğulanıb ki, son illərdə rayonda yeni məktəb binaları və təhsil ocaqları üçün əlavə korpuslar tikilib və əsaslı təmir edilib.
Mərasimdə qeyd edilib ki, Xırdalan şəhərindəki 4 nömrəli tam orta məktəb rayonda ən qədim təhsil müəssisələrindən sayılır. Burada şagird sıxlığı nəzərə alınaraq əlavə korpusun tikilməsinə ehtiyac duyulub. Nəticədə bu yaraşıqlı təhsil müəssisəsi şagirdlərin ixtiyarına verilib. Korpusda 20 sinif otağı, fənn kabineti və kompyuter otağı var. Burada 400 şagird təhsil alacaq.