Xocalı Soyqırımına həsr edilmiş şahmat turniri keçirilib
Avstraliyanın Sidney şəhərində Xocalı Soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanlı Tələbə və Məzunların Avstraliya Təşkilatı (ATMAT) tərəfindən xatirə şahmat turniri keçirilib.
Tədbirin əvvəlində çıxış edən təşkilat nümayəndələri 1992-ci ilin fevralında Xocalıda baş vermiş dəhşətli hadisələrdən danışıblar. Vurğulanıb ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızın 20 faizini işğal edən və etnik təmizləmə siyasəti aparan ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək silahsız və günahsız əhaliyə qarşı tarixdə görünməmiş qəddarlığa əl atıblar. Həmçinin, tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu soyqırımı yalnız Azərbaycan xalqının deyil, o cümlədən bütün dünya xalqlarının faciəsidir. Harada olmasından asılı olmayaraq bütün Azərbaycanlı gənclər bu soyqırımın unudulmaması üçün əllərindən gələni etməli və dünya ictimaiyyətinə Xocalı soyqırımının əsl mahiyyətini çatdırmalıdırlar.
Daha sonra şahmat turnirinə start verilib. Gərgin mübarizə şəraitində keçən turnirdə ilk yeri Türkiyə vətəndaşı Kerem Aysöyüt, 2-ci yeri Avstraliyada təhsil alan azərbaycanlı tələbə Rəşad Rəhimli, 3-cü yeri isə Avstraliya vətəndaşı olan Kris Qarvi tutub. Qaliblərə Xocalı soyqırımı və Azərbaycanın milli-mənəvi sərvətləri ilə bağlı məlumat kitabçaları, eləcə də, şahmat dəstləri təqdim olunub.