“Xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm” – Azərbaycan Prezidenti
“Azərbaycanda bütün tarixi məscidlərimiz dövlət hesabına əsaslı şəkildə bərpa edilibdir. Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri, 743-cü ildə tikilmiş, müsəlman aləmində ən qədim məscidlərdən biri olan Şamaxı məscidi, “İmamzadə” Dini Kompleksində indi əsaslı təmir-bərpa işləri aparılır. Əlbəttə ki, keçən ilin sonlarında Heydər Məscidinin tikilib istifadəyə verilməsi tarixi hadisə idi”. Yenicag.az Azadinform-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsində çıxışı zamanı deyib.
Prezident çıxışı zamanı maraqlı açıqlamalar da verib: “Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub. Şeyx həzrətlərinin dediyi kimi, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda, xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm.
Səudiyyə Ərəbistanında səfərdə olarkən mən İslam Əməkdaşlıq Təşkilatını da ziyarət etdim. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Təşkilatın baş katibi ilə görüşüm, çox məqamlar ətrafında apardığım fikir mübadiləsi bir daha göstərir ki, Azərbaycan bu təşkilatın fəal və dəyərli üzvüdür. May ayında isə İslam Əməkdaşlıq Təşkilatının baş katibi cənab Mədəni Azərbaycanda səfərdə idi və Bakıda keçirilmiş Sivilizasiyalararası Dialoq Forumunda çıxışında Azərbaycanda dini məsələlərin nə qədər yüksək səviyyədə həll olunduğunu xüsusilə qeyd etmişdir. Ümumiyyətlə, bütün müsəlmanları birləşdirən təşkilatın rəhbərinin Azərbaycan, ölkəmizin reallıqları haqqında sözləri əlbəttə ki, böyük qiymətə malikdir. Qeyd etməliyəm ki, may ayında keçirilmiş tədbirdə UNESCO-nun, İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun baş katibləri və digər qonaqlar iştirak etmişlər. Onların iştirakı əslində Azərbaycanda bu sahədə görülən işlərə verdikləri yüksək qiymətdir. Bizim üçün bu, adi hala çevrilib. Azərbaycanda hökm sürən ab-hava, dinlərarası, millətlərarası münasibətlər, multikulturalizm dəyərləri – bunlar bizim üçün həyat tərzidir. Ancaq əgər biz bəzi başqa ölkələrə nəzər yetirsək görərik ki, bu, heç də hər yerdə belə deyil. Əksinə, milli, dini zəmində qarşıdurmalar, müharibələr, toqquşmalar baş verir, məzhəb zəminində qan tökülür. Bu, dözülməzdir və mən də şeyx həzrətlərinin sözləri ilə razıyam ki, bugünkü dünyada proseslər daha çox mənfi istiqamətdə gedir. Biz bir il bundan əvvəl bu salonda toplaşmışdıq. Görün, bu bir il ərzində dünyada nə qədər böyük təhlükələr yarandı, hansı ki, bir il bundan əvvəl onlar haqqında heç söhbət aparılmırdı…”