!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xudafərin sazişi”ndə qazandığımız diplomatik uğur nədən ibarətdir? – Problemə yeni baxış

!Reklam – Yazi

İranla bağlanmış “Xüdafərin” sazişinin əsl mahiyyəti barədə yeni informasiyalar əldə edilib.

Yenicag.az xəbər verir ki, Ovqat.com-un əldə etdiyi məlumata əsasən Azərbaycan bu sənədə imza atmaqla əslində iradəsindən kənar tikilən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarını öz yurisdiksiyasına almaq məqsədi güdüb və buna böyük ölçüdə nail olub.

Sazişin imzalanma zərurəti

Bildirildiyinə görə, sözügedən hidroqovşaqların tikilməsi əslində 2016-cı ildə bağlanan məlum sazişdən əvvəl həyata keçirilməyə başlanılıb. Layihənin ilk əsas hüquqi qaynağı isə İranla SSRİ arasında 11 avqust 1957-ci ildə bağlanmış “Araz və Ətrak çaylarından bərabər istifadə barədə Müqavilə”dir. Daha sonra bu müqavilə çərçivəsində hidroqovşaqların texniki layihələrinin tərtib edilməsinə 1977-ci ildə ildə başlanılıb. Tərtibat işinə SSRİ-nin və İranın mütəxəssisləri cəlb olunub. Layihə 1981-ci ildə tamamlanıb və SSRİ-nin aidiyyəti qurumlarına təqdim edilib. 1988-ci ildə SSRİ və İran arasında “İqtisadi, Ticarət və Elmi-Texniki Əməkdaşlıq haqqında Uzunmüddətli Saziş” bağlanıb və həmin Sazişə əsasən “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib. Fəqət həmin illərdə SSRİ-nin tənəzzülə başlaması və sonunda dağılması layihənin tikintisini də təxirə salıb.

Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni separatizmi ilə mübarizənin müharibəyə çevrilməsi, nəticədə Dağlıq Qarabağ və ətraf rayonların Ermənistanın işğalı altına düşməsi, su qovşağı üçün avadanlıqların müasir standartlara cavab verməməsi və s. kimi məsələlər tikintini ləngidib. Azərbaycan tərəfi torpaqlarının geri qaytarılmasını təmin etməyənədək haqlı olaraq hidroqovşağın tikilməsiylə razılaşmayıb.

İran da yaranmış vəziyyətdən istifadə edərək bizim nəzarətimizdən kənarda qalan ərazidə SES tikməkdə israrlı olub. Nəticədə Tehran bunu təkbaşına həyata keçirmək qərarına gəlib.

Sirr deyil ki, İranla Azərbaycan arasında münasibətlər daim enişli-yoxuşlu olub. Münasibətlər bəzən hətta çox gərginləşib. Xüsusilə 2001-ci il İran-Azərbaycan münasibətlərinin ən gərgin dövrünə düşür. Məlum olduğu kimi, həmin ilin iyun ayında İran müxtəlif bəhanələrlə BP-nin Xəzərdə neft axtaran Geofizik-3 gəmisinə sərhəd katerləriylə hücum edərək onu bölgədən uzaqlaşdırır. Ardınca da Azərbaycan sərhədləri üzərində hərbi təyyarələrini uçurur. Xatırlayırsınızsa, məhz bu hadisədən sonra həmin il Türkiyə Hava Qüvvələri azərbaycanlı tələbələrinin diplom məzuniyyəti mərasimini Bakıda keçirməyi qərara alır. Bakıda “Türk Ulduzu” hərbi aviasiya nümayişi təşkil olunur.

İranın əsas təxribatçı fəaliyyəti isə Dağlıq Qarabağ ətrafında məhz bu zaman başlayır. Məlumatlara inansaq, İran həmin illərdə Dağlıq Qarabağda zirehli bunkerlərin tikintisində də ermənilərə kömək edir. Atdığı əsas addım isə müxtəlif illərdə SSRİ ilə bağlanmış Araz-Ətrak müqaviləsini əsas gətirərək işğal olunmuş Cəbrayıl rayonu ərazisində SES inşa etmək olur.

Bildirilir ki, təməlləri həmin illərdə qoyulmuş və mühüm hissəsi tamamlanan həmin layihənin Azərbaycanın yurisdiksiyasına keçirilməsi rəsmi Bakının əsas problemlərindən birinə çevrilir və Azərbaycan bu istiqamətdə müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışır. 2013-cü ildə Həsən Ruhaninin İranda prezident seçilməsi vəziyyəti qismən Azərbaycanın xeyrinə dəyişir. İran-Azərbaycan münasibətlərinin getdikcə normallaşması rəsmi Bakı ilə Tehran arasına diplomatik əlaqələrin intensivləşməsinə də zəmin hazırlayır. Aparılan danışıqlar nəticəsində Araz çayı üzərində onsuz da inşa olunan hidroqovşaqların Azərbaycanın yurisdiksiyasına keçirilməsinə qərar verilir. 23 fevral 2016-ci ildə Azərbaycanla İran arasında bağlanan “Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında SAZİŞ” də bu zərurətdən doğur.

Körpü məsələsi

Sözsüz ki, Azərbaycan ictimaiyyətini ən çox narahat edən məsələ həmin ərazidə SES-dən çox, körpülərin inşa olunması ilə bağlıdır. Əslində bugünkü mübahisələr də İrandan Dağlıq Qarabağa çəkilmiş bir neçə körpünün ortaya çıxması ilə başlamış və İran səfirliyi Ovqat.com-a verdiyi məlumatda həmin körpülərin “Xudafərin”in əlavələri olduğunu bildirmişdi.

Maraqlıdır ki, tam mətnini dərc etdiyimiz həmin sazişin heç bir maddəsində körpü salınması barədə hər hansı ifadə yoxdur. Görünür, həmin körpülər yardımçı qurğular kimi nəzərdə tutulub.

İranın 1 milyard dollar tələbi

İranın SES inşaatı üçün 1 milyard dollar tələb etməsi iddiasına gəlincə, mövqeyini öyrəndiyimiz rəsmi dairələr Tehranın elə bir tələbinin olmadığını bildirirlər. “Xudafərin” müqaviləsində də bu nüans xüsusi vurğu ilə keçir, ölkəmizin İrana börcunu müəyyənləşdirmək üçün birgə komissiyanın yaradılması və məbləği 18 ay ərzində müəyyənləşdirməsi qeyd olunur. Sazişdən görünür ki, bu müddət uzadıla bilər və xərclər istehsal olunacaq elektrik enerjisi və digər vasitələrlə ödəniləcək. Sazişə əsasən, həmçinin hidroqovşaqların tikintisi nəticəsində dəymiş ziyan müəyyən olunmalı və razılaşdırılmalıdır.

Məlumat qaynağımız sazişdəki mükəlləfiyyətlərimizin hidroqovşaqdan istifadəmiz zamanı doğacağı iddiasındadır. Bildirildiyinə görə, müqavilə şərtinə əsasən, hidroqovşağın işğal edilmiş ərazilərdə istifadəsi hüququ yalnız bizim səlahiyyətimizdədir. Daha konkret təbirlə desək, hidroqovşaqların bizim tərəfdə qalan hissəsinə bəzi avadanlıqlar quraşdırılacaq. Azərbaycanın hidroqovşaqlara çəkəcəyi xərclər deyərkən, söhbət buradakı hidrotexniki konstruksiyalar zəncirindən – generatorlar, hidravlik-aqreqatların alınmasından, quraşdırılmasından və s. gedir.

Sazişlə əldə edilən əsas uğur

Azərbaycanın bu sazişi bağlamaqla qazandığı əsas uğurlardan biri isə erməni separatçılarını hidroqovşaqdan faydalanmasının qarşısını almaq olub. Həqiqətən də sazişdə bu şərt imperativ qaydada yer alıb. Sazişin preambulasında bu barədə deyilir:

“Tərəflər “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir”.

“Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran İslam Respublikasının ərazisində istifadə edilə bilər”.

Ratifikasiyaların tarixində gizlənən hikmət

“Xudafərin” sazişinin ölkə parlamentləri tərəfindən ratifikasiyası tarixinə baxdığımız zaman Azərbaycan tərəfinin bu məsələdə daha həvəsli göründüyü ortaya çıxır. Belə ki, bizim Milli Məclis sazişi 14.06.2016 tarixində təsdiqlədiyi halda, İran parlamenti eyni addımı 6 ay sonra – həmin ilin dekabrın 27-də atır. Bu da İranın bu məsələdə hansısa səbəbdən ləng tərpənməyə çalışdığını göstərir.

Təsadüfi deyil ki, Azərbaycan mediası 23 fevral sənədləri arasında yalnız “Xudafərin sazişi”nin İran tərəfindən ratifikasiyasına yer ayırıb. Bu da hökumətin həmin sazişin bağlanmasına ciddi əhəmiyyət verdiyinin göstəricisidir. Belə anlaşılır ki, müqaviləyə həqiqətən də diplomatik uğur kimi baxılırmış.

“Xudafərin” sazişinə əldə etdiyimiz son məlumatların işığında nəzər salanda 1998-1999-cu illərdə Xarici İşlər naziri olmuş Tofiq Zülfüqarovun onu “diplomatik uğurumuz” adlandırmasının səbəbi aydın olur. Xatırladaq ki, həmin SES-in təməlləri onun nazir olduğu illərdə atılmaq istənilirdi və Tofiq Zülfüqarov da Azərbaycanla aparılan danışıqlarda ölkəmizi təmsil edən ən səlahiyyətli şəxs idi.

www.yenicag.az

712
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv