Birlikdə araq içdikdən sonra tanışını öldürməkdə təqsirləndirilən 1964-cü il təvəllüdlü Çobanov Bəxtiyar Şahlar oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Bəxtiyar Çobanov 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Xudat şəhərində baş verib. Bəxtiyar Çobanov 1968-ci il təvəllüdlü Babayev Hikmət Zahiddin oğlunu qətlə yetirib. Onlar Bəxtiyar Çobanovun evində yeyib-içdikdən sonra mübahisə ediblər. Bu zaman Bəxtiyar Hikmət Babayevə bıçaqla zərbə endirib. Hikmət Babayev aldığı xəsarətlərdən dünyasını dəyişib.
Mərhum Hikmət Babayevin qardaşı Səlim Babayev şahid qismində ifadəsində bildirib ki, qardaşının itkin düşməsi ilə bağlı məlumat aldıqdan sonra onu axtarmağa başlayıblar:
“Uşaqlardan sonuncu dəfə qardaşımın Bəxtiyarla danışdığını eşitdim. Onu axtardıq. Amma görüşmək istəmədi, qardaşımdan xəbərsiz olduğunu dedi. Biz də evinə getdik. Qapının ağzında içərisində qanlı parçalar olan vedrə gördüm. Bəxtiyardan soruşdum ki, bu nədir? Dedi ki, toyuq kəsmişəm. Şübhələndim ki, bu toyuq kəsməklə çıxacaq qan deyil. Yerdə çoxlu qan izləri var idi”.
Təqsirləndirilən şəxs mərhumun qardaşından bağışlanmasını istəyib. Amma şahid onu bağışlamayacaqlarını bildirib.
www.yenicag.az