!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yalan, böhtan və xəyanət metodu: Elmira Axundovaya qarşı aparılan çirkin kampaniya

!Reklam – Yazi

Son dövrlər yalan və böhtan üzərində qurulan siyasi mübarizə üsuluna daha çox rast gəlmək olur. Görülən işlərə, əldə olunan nəticələrə ləkə vurmaq üçün cəmiyyətə yalan məlumatlar ötürülür, insanlar arasında çaşqınlıq yaradılır. Bunun isə bir adı var: destruktiv və xəyanət metodu. Bu metodu seçənlər isə digərlərinin uğurlarını həzm edə bilməyənlərdir.

İndi isə keçək əsas mətləbə, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundovanın hədəf götürülməsinə. Bu günlərdə Azərbaycanın bəzi sarı mətbuatında “Səfir Elmira Axundova Prezidentin Sərəncamına qarşı çıxır?” sərlövhəli məqalə dərc edilib. Məqalənin əsas qayəsi budur ki, guya Elmira Axundova Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin heykəlinin qoyulmasına qarşı çıxır və buna mane olur. Əslində, proseslərin içində olmayanlar üçün bu “ittiham” ciddi görünə bilər, ancaq reallıqda vəziyyət tam fərqlidir. Reallıq ondan ibarətdir ki, Elmira Axundovanın rəyi nəticəsində Xarkovda həm Nizami Gəncəvinin, həm də Mirzə Fətəli Axundovun heykəlləri qoyulacaq. Bundan başqa paytaxt Kiyev şəhərində də Nizami Gəncəvinin abidəsinin ucaldılması üçün Kiyev şəhər Şurasına müraciət olunub və danışıqlara başlanılıb.

Araşdırma zamanı bəlli olub ki, Azərbaycanın Ukraynadakı sabiq səfiri Azər Xudiyevin çalışdığı dövrdə onun tərəfindən təklif almış Ukraynanın xalq rəssamı, Ukrayna Rəssamlar İttifaqının üzvü azərbaycanlı heykəltəraş Katib Məmmədovun hazırladığı dahi şair və mütəfəkkir Nizami Gəncəvinin nəhəng abidəsinin Xarkovda ucaldılması məsələsi ilkin həllini tapsa da, lakin A.Xudiyev səfir vəzifəsindən geri çağırıldığından, məsələ yarımçıq qalıb. Səfir Elmira Axundova humanistlik göstərərək, yarımçıq qalan işi sona çatdırmaq məqsədilə bir neçə ay öncə Xarkov şəhər Şurasına rəsmi müraciət edərək, Nizami Gəncəvinin heykəlinin qoyulması üçün yerin ayrılmasını xahiş edib.

Bununla paralel olaraq Qazaxıstanın Xarkov şəhərindəki fəxri konsulu, Xarkov Diplomatik Klubunun prezidenti, soydaşımız Emin Nəcəfli səfirliyə müraciət edərək, Xarkov şəhərində abadlaşdırılan “Filosoflar Meydanı”nda Ukraynanın Xalq Rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanovun hazırladığı Azərbaycan, Qazaxıstan və Ukraynanın tanınmış filosoflarına həsr olunmuş üç nəfərdən ibarət abidə kompozisiyanın cari ildə qoyulması təşəbbüsünü irəli sürüb. Kompozisiyada ukraynalı filosof Qriqori Skovoroda, qazax ədəbiyyatının ilk klassiki, maarifçi-filosof Abay Kunanbayev və dahi mütəfəkkir Nizami Gəncəvi abidəsinin yer alması təklifi ilə çıxış edib. Lakin məsələni araşdırdıqdan və Nizami Gəncəvinin ilkin və sonrakı layihələri ilə tanış olduqdan sonra belə qənaətə gəlinib ki, S.Qurbanovun yaratdığı kompozisiyada yaşadığı dövr, dünyagörüşü və şəxsiyyətinin miqyasına görə yuxarıda qeyd olunan ukraynalı və qazax filosoflarına daha çox bənzər Azərbaycan yazıçısı, maarifçisi, materialist filosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi Mirzə Fətəli Axundovun abidəsinin yer alması daha məqsədəuyğun olardı.

Belə ki, dahi Nizami Gəncəvinin şəxsiyyətinin miqyası qeyd olunan filosofların şəxsiyyətlərinin miqyası ilə birgə kompozisiyada uzlaşmır və bu şəkildə onun təqdim olunması heç də uyğun gəlmir, eləcə də tarixdə ucaldılan abidələrin uzun illərə nəzərdə tutulduğu baxımından məhz dahi şəxsiyyətlərin ildönümündə ucaldılması böyük önəm daşımır. Bundan başqa Xarkov şəhər Şurası bir şəhərdə Nizami Gəncəvinin iki heykəlinin qoyulmasını məqsədəuyğun hesab etməyib. Emin Nəcəfli səfirliyin tövsiyələrini müsbət qarşılayıb.

Digər bir məqam isə soydaşlarımız- heykəltəraşlar Seyfəddin Qurbanov və Katib Məmmədov arasında yaradıcılıq mübarizəsi fonunda yaranan narazılıq da hər ikisinin Nizami Gəncəvinin heykəlinin müəllifi olması iddiasını yaradıb. Səfir Elmira Axundova barışdırıcı missiyasını uğurla həyata keçirərək heykəltəraşlar arasında yaranan narazılığı da aradan qaldırıb. Bununla da Azərbaycanın Ukraynadakı səfirliyi birləşdirici qüvvə kimi çıxış edib.

Elmira Axundova baxmayaraq ki, cəmi bir ildir, səfir vəzifəsindədir, pandemiya şəraitində çalışır, öz xeyirxah fəaliyyəti ilə seçilib. Biz əvvəlki illərdə səfirliklə bağlı tamam başqa mənzərənin şahidi olmuşuq. Səfirin qısa zamanda barışdırıcı, humanist yanaşmasının nəticəsidir ki, bu gün ən iri diaspor təşkilatlarının liderləri, Oleq Krapivin, Rövşən Tağıyev və Hikmət Cavadov bir araya gətirərək, bir masa arxasında, konfransda əyləşərək, Azərbaycan naminə, ümumilli məsələlər ətrafında səfirliklə birlikdə vacib tədbirləri həyata keçirirlər. İstər Ermənistan-Azərbaycan sərhədində, Tovuz istiqamətində baş verən insident zamanı, istərsə də 44 günlük Vətən mübaribəsində səfirliklə diaspor təşkilatları vahid komanda şəkilində effektli mübarizə apardı, kütləvi aksiyalar keçirildi, Ukrayna mətbuatında intensiv çıxışlar oldu, məqalələr dərc edildi. Yeri gəlmişkən onu da qeyd edim ki, Elmira Axundova həm də səfir kimi fəaliyyəti dövründə Azərbaycan həqiqətlərini Ukrayna cəmiyyətinə çatdırmaq üçün mətbuatda məqalələri, müsahibələri, telekanallarda canlı yayımlarda çıxışları ilə çox aktiv olub. Məhz bütün bunların nəticəsidir ki, soydaşlarımız, diaspor üzvləri arasında böyük hörmət və sevgi qazanıb. Bunu sosial şəbəkələrdə soydaşlarımızın gündəlik rəylərindən də görə bilirik. Biz bu birliyi, sağlam mühiti, mənzərəni Elmira Axundovadan öncə şahidi olmuşduq? Xeyir. Səfirin Ukrayna ərazisində Azərbaycanın tanınmış simalarının bir yox, üç heykəlini qoydurması yalnız təqdirəlayiq qiymətləndirilməlidir. Özü də bunu barışdırıcı missiyanı yerinə yetirməklə həyata keçirmək elə də asan deyil.

Bütün bunlara rəğmən sual olunur. Yalan, böhtan mübarizə metodu və destruktiv fəaliyyətlə nəyəsə nail olmaq mümkündürmü? Əlbəttə ki, xeyir, çünki yalan ayaq açar, amma yeriməz. Bir məsələni də yaddan çıxarmaq olmaz. Azərbaycan Prezidentinin sərəncamı ilə təyin olunan səfirə qarşı böhtan və iyrənc fəaliyyət dövlətçiliyə qarşı çıxmaq, düşmənin dəyirmanına su tökməkdir.

Elnar Əliyev

Redaksiyadan: Jurnalistikanın qızıl qaydalarından biri dəqiqləşdirmədən, yoxlamadan məlumatın yayılmamasıdır. Təəssüf ki, Elmira Axundova Ukraynada bu cür çirkin kampaniyaya məruz qalan birinci diplomatımız deyil. Yenə təəssüf hissi ilə qeyd etmək lazımdır ki, səfirimizə çirkab atanlar mənfur düşmənlər deyil, məhz içimizdəki “baltalar”dır. Ancaq yalan ayaq tutsa da, üç addımdan sonra mütləq büdrəyəcək.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv