İnternat yoldaşı tərəfindən yandırılan 10 yaşlı Fateh Quluzadə hələ də xəstəxanaya yerləşdirilməyib.
Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva açıqlamasında, Fatehin vəziyyətinin deyildiyi kimi ağır olmadığını bildirdi: “Fatehin yanıqlarına internatımızın tibb bacısı nəzarət edir. Lazım olan dərman və tibbi ləvazimatları isə özümüz alırıq. Uşağın xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığını düşünürük. Fatehin anası özü həkimdir. Təbii ki, uşağının yarası ilə o da məşğul olur, narahat olmağa dəyməz”.
Əqli inkişafdan geri qalmış, xüsusi qayğıya ehtiyacı olan uşaqların niyə nəzarətsiz qaldığını və qaynar suyu necə əldə etdiyi barədə suallarımızı G.Abdullayeva belə cavablandırdı:
“Biz uşaqları nəzarətsiz qoymuruq. Hər növbənin öz müəllimləri və dayələri var. Hadisə uşaqlar yatmağa hazırlananda baş verib. Fateh autizm xəstəsi olduğundan çox narahat uşaqdır. Bizim Günay müəllim həmişə onun əlindən tutur. Surxay da çox nadincdir. Hadisə bir anda baş verib. Növbədə Nəbi müəllim və Ruqiyyə müəllim olub. İzahatlarını almışam. Surxayı da ayaq üstə saxlamaqla cəzalandırmışam. Hadisə baş verən kimi anasını məlumatlandırmışam. Mənə hər bir uşaq əzizdir”.
www.yenicag.az